Logo
    ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq Nvidia çipləri Çinə çatıb

    ABŞ-nin ixrac məhdudiyyətlərinə baxmayaraq Nvidia çipləri Çinə çatıb

    Tech-Biznes
    26.11.2026
        “Nvidia”nın Kaliforniyadakı 2 müştərisi olan “RiCloud AI” və “Airvres”in sahibləri Çində yerləşir. ABŞ-nin qaydalarına görə, “Nvidia” ən güclü süni intellekt çiplərini yalnız icazəsi olan şirkətlərə sata bilər. Araşdırmaya görə, Çinə satışın qarşısını almaq üçün qoyulan bu məhdudiyyətlərdən yayınmaqda ABŞ-də qeydiyyatdan keçmiş Çin şirkətlərindən istifadə olunub.
        Araşdırmaya görə, çiplər əvvəlcə ABŞ-dəki şirkətlərə satılır, sonra Cənub-Şərqi Asiyadakı şirkətlərə göndərilir və ya icarəyə verilir. “Nvidia” hələ də Çində oyun kompüterləri üçün videokartlar və ən yeni texnologiyaları tətbiq olunmayan süni intellekt çipləri sata bilər. Bununla belə, “Nvidia”nın ən güclü modellərindən olan “Blackwell Ultra B300” çiplərinin “China Telecom” şəbəkəsində işlədiyi üzə çıxıb.
        Hesablamalara görə, təkcə 2025-ci ildə Çinə qaçaq yolla aparılan “Nvidia” çiplərinin dəyəri 1 milyard dollar (təxminən 1,7 milyard manat) olub. 2026-cı ilin əvvəlində “Nvidia”nın qrafik prosessorlarının qanunsuz ixracına görə 9 nəfərə ittiham irəli sürülüb. Yeni çipləri tapmaq çətinləşdiyindən köhnə modellərin də qiyməti xeyli artıb.
        “RiCloud AI” baş ofisi Şençjendə olan “Yuxing InfoTech Investment Holdings Limited” şirkətinə məxsusdur. Məlumata görə, şirkətin rəhbəri və ortaq sahibi Cong Yu Çin ordusunun idarə etdiyi ali məktəbdə milli müdafiə səfərbərliyi üzrə təhsil alıb. “RiCloud AI”ın müştərilərindən biri olan viski idxalçısı “Agencia Comercial Spirits” 2025-ci ildə süni intellekt sahəsinə keçib. Şirkətin o vaxtdan məlumat mərkəzləri ilə bağlı bağladığı müqavilələrin dəyəri 598 milyon dollara (təxminən 1 milyard 16,6 milyon manata) çatıb.
        “Nvidia” öz saytında “Airvres”i ən yüksək kateqoriyalı tərəfdaşlarından biri kimi göstərir. Kaliforniyada yerləşən şirkət əvvəllər Çindəki ana şirkəti kimi “Inspur” adını daşıyıb. “Inspur”la əlaqəli şirkətlər 2023-cü ilin martında ABŞ-nin federal qara siyahısına salınandan sonra “Airvres” adını dəyişib.
        Məlumata görə, “Airvres”in Cənub-Şərqi Asiyaya çip ixracı 2024-cü ilin aprelindən 2026-cı ilin fevralınadək olan dövrü əhatə edib. Həmin dövrdə şirkət bölgəyə ən azı 5,6 milyard dollarlıq (təxminən 9,52 milyard manatlıq) çip göndərib. Aralarında “Nvidia”nın “Blackwell” modelləri də olan çiplər Malayziyadakı 2 şirkətə göndərilib. Onlardan biri ixrac məhdudiyyətlərindən yayınmağa kömək etməkdə şübhəli bilinən “Megaspeed”dir. Şirkət bu yaxınlarda qara siyahıya salınıb və barəsində cinayət araşdırması aparılır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...