Anthropic ictimai fayda fondu yaradır, səhmlərinin 5%-ni ayırır
Tech-Biznes
19.10.2026
“Anthropic” ictimai faydalı layihələrə maliyyə ayırmaq üçün “İctimai fayda fondu” yaradır. Süni intellekt şirkəti səhmlərinin 5%-ni fonda ayıracaq. Fond ayrıca qurum kimi işləyəcək, amma tamamilə şirkətin nəzarətində qalacaq. Məqsəd sosial təşəbbüslərə daha geniş dəstək verməkdir.
Şirkətin dəyəri hər dəfə 50% artanda “Anthropic” fonda əlavə 2% səhm də verə bilər. Vəsaitin necə xərclənəcəyi hələ dəqiqləşməyib. İlkin variantlar arasında ənənəvi qeyri-kommersiya təşkilatlarına böyük ianələr və müəyyən əhali qruplarına birbaşa ödənişlər var.
Fondun diqqət ayıra biləcəyi mövzulardan biri süni intellektin əmək bazarına təsiridir. “Anthropic” bu təsiri araşdırmaq üçün artıq 200 milyon dollar (təxminən 340 milyon manat) ayırmağı öhdəsinə götürüb. Şirkət düşünür ki, süni intellekt texnologiyaları sürətlə inkişaf etdikcə daha cəsarətli addımlar lazım gələ bilər. Fond müxtəlif maliyyələşdirmə üsullarını sınaqdan keçirəcək.
Bu addım süni intellekt sektoruna ictimai münasibətin pisləşdiyi dövrə təsadüf edir. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei vəziyyəti etimad böhranı adlandırıb. Hansı layihələrin ictimai faydalı sayılacağına və maliyyə alacağına kimin qərar verəcəyi hələ açıqlanmayıb. “Anthropic” fondun necə idarə olunacağı barədə qarşıdakı aylarda əlavə məlumat verəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar