Fransa Google şirkətini 325 milyon avro məbləğində cərimələyib
Tech-Biznes
04.09.2025
Emil
Fransanın məlumatların qorunması üzrə tənzimləyici qurumu Google-a Gmail istifadəçilərinə reklamların düzgün göstərilməməsi və Google hesablarının istifadəçi razılığı olmadan cookie fayllarından istifadə edilməsi səbəbindən 325 milyon avro məbləğində cərimə tətbiq edib. Fransa Milli Məlumatların Qorunması və Vətəndaş Azadlıqları Komissiyası (CNIL) Google-a 6 ay müddət verib ki, şirkət istifadəçilərin razılığı olmadan Gmail-də məktublarda və poçt qutularında reklam göstərməyi dayandırsın. Şirkət həmçinin reklam izləyicilərinin işlədiyi Google hesablarının yaradılması üçün istifadəçilərin qanuni razılığını almalıdır.
Əgər Fransa tənzimləyicisinin göstərdiyi tələblər müəyyən olunmuş müddətdə yerinə yetirilməsə, Google və onun İrlandiya filialı hər gecikmə günü üçün 100 000 avro məbləğində cərimə ödəməli olacaq. ABŞ şirkətinin nümayəndəsi bildirib ki, onlar qurumun qərarını öyrənirlər və istifadəçilərin Google məhsullarında gördükləri reklamları idarə etmək imkanı həmişə mövcuddur. O əlavə edib ki, son 2 il ərzində Google komissiyanın tələblərini yerinə yetirmək üçün sistemlərinə bir sıra dəyişikliklər edib. Məsələn, hesab yaradılması mərhələsində fərdiləşdirilmiş reklamdan imtina etmək üçün sadə yol və Gmail-də reklamların göstərilmə formatını dəyişmək imkanı mövcuddur.
Paylaş