Logo
    main-post-cover

    Google-dan bütün reklam biznesinin satılması tələb olunur

    Tech-Biznes
    05.05.2025
    Emil
         ABŞ Ədliyyə Nazirliyi (DOJ) Google AdX reklam birjası və Google Ad Manager platformasının məcburi şəkildə ayrılmasına çalışacaq. Nazirliyin fikrincə, bu aktivlərin ayrılması Alphabet holdinqinin (Google şirkətinin sahibi) rəqəmsal reklam bazarındakı monopoliyasını aradan qaldırmağın yeganə yoludur. Google AdX internetdə reklam yerləri üzrə ən böyük ticarət platformasıdır, Google Ad Manager isə nəşriyyatçılar tərəfindən öz saytlarında reklam yerləşdirmək və satmaq üçün istifadə olunur. Əlavə tədbir kimi ABŞ Ədliyyə Nazirliyi tələb edir ki, Google rəqiblərinə real vaxt rejimində təkliflər üzrə məlumatlara çıxış imkanı versin.
         Məhkəmə iclası 22 sentyabr tarixində Virciniya ştatının Şərq Dairəsi üzrə federal məhkəməsində hakim Leonie Brinkema-nın sədrliyi ilə keçiriləcək və burada Google öz etirazlarını təqdim edəcək. DOJ israr edir ki, davamlı monopoliyanın aradan qaldırılması üçün struktur dəyişikliyi zəruridir və bu, artıq məhkəmə qərarı ilə təsdiq olunub. Aprel ayında hakim Brinkema belə nəticəyə gəldi ki, Google “qəsdən” onlayn reklam bazarında monopoliyaya nail olub. Məhkəmə müəyyən edib ki, Google reklam birjasını nəşriyyatçılar üçün nəzərdə tutulan server texnologiyası ilə birləşdirmək strategiyasından istifadə edib.
         Bu isə şirkətə rəqibləri bloklamağa və müstəqil platformalara nisbətən daha aşağı qiymətlər təklif etməyə imkan verib. Məhkəmə, həmçinin rəqəmsal reklam ekosisteminin üçüncü seqmentini - reklamverənlər adından reklam yerləşdirən şəbəkələri də nəzərdən keçirib. Bu istiqamətdə DOJ Google-un monopolist mövqe tutduğunu sübut edə bilməyib. Beləliklə, üç əsas komponentdən yalnız ikisi antiinhisar qanunvericiliyinin pozulması kimi tanınıb. Google təklif olunan struktur dəyişikliklərinə qarşı çıxır və bildirir ki, Meta, AmazonTikTok ilə rəqabət aparır. Məhkəmə sənədlərində həmçinin qeyd olunur ki, Google hərrac məlumatlarını real vaxtda paylaşmağa hazırdır, lakin aktivlərini satmaqdan imtina edir.
         Google-un tənzimləmə məsələləri üzrə rəhbəri Lee-Anne Mulholland bildirib ki, DOJ-un tələbləri məhkəmənin nəticələrini xeyli dərəcədə aşır, heç bir hüquqi əsas daşımır və həm nəşriyyatçılara, həm də reklamverənlərə zərər vuracaq. 2024-cü ildə məhkəmə qərar verdi ki, Google axtarış bazarında monopoliyaya nail olub, bunun üçün hər il Apple şirkətinə 20 milyard dollardan çox vəsait ödəyərək Safari brauzerində Google axtarış sisteminin standart olaraq qurulmasını təmin edib. Bu iş çərçivəsində ABŞ Ədliyyə Nazirliyi Google-un Chrome brauzerini satmasını və rəqiblərə axtarış məlumatlarına çıxış verməsini tələb edib.
         Google-un baş direktoru Sundar Pichai Vaşinqtonda məhkəmə qarşısında ifadə verərək, təklif olunan tədbirlərin həddindən artıq olduğunu və Google-un intellektual mülkiyyətinin rəqiblərə ötürülməsi ilə nəticələnəcəyini bildirib. O həmçinin vurğulayıb ki, məlumatların məcburi şəkildə paylaşılması istifadəçilərin məxfiliyini təhlükə altına sala bilər. San-Fransiskodakı federal məhkəmə Alphabet holdinqinə mobil əməliyyat sistemi olan Android-i tərtibatçılar üçün açıq etmək öhdəliyi qoyub. Bu qərar, şirkətin Play Market vasitəsilə mobil tətbiqlər arasında rəqabəti boğduğu və həddindən artıq komissiyalar tətbiq etdiyi müəyyən olunduqdan sonra verilib. Qərar alternativ platformaların Android cihazlarına bərabər çıxış əldə etməsinə mane olan məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.
    Paylaş