
Google-dan Chrome brauzerinin satılması tələb ediləcək
Tech-Biznes
19.11.2024
Emil
ABŞ Ədliyyə Nazirliyi, Google şirkətinə qarşı qaldırılmış antimonopoliya məhkəmə ittihamının məhkəmə prosesini icra edən hakim Amit Mehta-ya sabah müraciət edəcək. Öz müraciətində nazirlik hakimdən şirkətin öz Chrome brauzerini satmasına istiqamətlənmiş qərarı verməsini tələb edəcək. Bu üsul ilə nazirlik şirkətin axtarış sistemləri bazarındakı monopoliyasını aradan qaldırmağa hədəflənib. Nazirlik həmçinin avqust ayında Google şirkətinin monopolist olduğuna qərar vermiş hakimdən şirkəti Android əməliyyat sistemini Google Search və Google Play də daxil olmaqla digər məhsullardan ayırmağa məcbur etməyi tələb edəcək.
Bundan əlavə olaraq Google-dan reklamçılarla daha çox məlumatın bölüşülməsi, onlara reklam elanlarının harda sərgilənməsinin idarəsi üzrə daha çox imkanların təqdim edilməsi və şirkətə axtarış sistemləri bazarındakı dominant mövqeyin əldə edilməsi imkanını vermiş eksklüziv müqavilələrin bağlanmasından imtina edilməsi tələb ediləcək. Məlumata əsasən eksklüziv müqavilələr səbəbilə Microsoft Bing və DuckDuckGo kimi digər axtarış platformaları bazardakı mövqelərini genişləndirə bilməyiblər.
Google axtarış sorğuları trafikinin 90%-nə, digər platformalar isə ümumilikdə 6%-nə sahibdirlər. Bloomberg-in vermiş olduğu məlumata əsasən dominant mövqe Google şirkətinin reklam biznesində vacib faktordur. Şirkət qeydiyyatdan keçmiş istifadəçilərin aktivliklərini izləyə və bu aktivliklər əsasında olan məlumatları reklam kampaniyalarının daha effektiv şəkildə istiqamətlənməsində istifadə edə bilir. Reklam kampaniyaları isə şirkət gəlirinin böyük hissəsini təşkil edir. Google üstəlik Chrome istifadəçilərini özünün Gemini adlı çat-botuna yönləndirir. Bu isə çat-botun daha çox məşhurlaşmasına imkan yaradır.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
