
Google-un reklam monopoliyasının aradan qaldırılması üçün sərt plan təklif edilib
Tech-Biznes
07.05.2025
Sabina
Məhkəmə Google-u onlayn reklam bazarında inhisarçı olaraq tanıdıqdan sonra vəziyyətin düzəldilməsi üçün hansı tədbirlərin görülməli olduğu ilə bağlı araşdırma prosesi başlayıb. İT nəhəngi vəziyyəti düzəltmək üçün öz planını təqdim edib, bu planda isə şirkətin bölünməsi nəzərdə tutulmur. ABŞ Ədliyyə Nazirliyi isə cavab olaraq məhkəməyə öz variantını təqdim edib. Bu plana əsasən, Google reklam birjası olan AdX-dən və reklam kampaniyalarının idarəetmə xidməti olan DFP-dən imtina etməlidir. Nazirlik tərəfindən hazırlanan plan Google-un reklam biznesinin iki əsas hissəsini satmasını nəzərdə tutur. Söhbət AdX reklam birjasından və əvvəllər DoubleClick for Publishers kimi tanınan, hazırda isə Google Ad Manager adı ilə fəaliyyət göstərən reklam idarəetmə xidmətindən gedir.

Google isə daha əvvəl məhkəmədən biznesin bölünməsi olmadan, yalnız bir sıra hədəflənmiş dəyişikliklərlə kifayətlənməsini xahiş etmişdi. AdX-in satışı ilə bağlı təklifdə ABŞ Ədliyyə Nazirliyi apreldə verilmiş məhkəmə qərarına istinad edir. Həmin qərarda bildirilir ki, AdX “reklam birjası bazarının hər iki tərəfindəki müştərilərin rəqib platformalara keçidini çətinləşdirir”. Nazirlik israr edir ki, Google AdX-i “mümkün qədər tez” satmalıdır. Eyni zamanda təklif olunur ki, AdX rəqib şirkətlərin xidmətləri ilə işləməyə məcbur edilsin. Əlavə tədbir kimi, nazirlik Google-un 10 il ərzində reklam birjası idarə etməsini qadağan etməyi təklif edir. Ad Manager / DFP ilə bağlı isə “mərhələli” satış variantı nəzərdə tutulur. Nazirliyin fikrincə, Google bu xidməti satmalıdır, çünki bu platforma vasitəsilə şirkət müştəriləri əks halda seçməyəcəkləri məhsuldan istifadə etməyə məcbur edir və istifadəçilər arasında məşhur olmayan siyasət həyata keçirir.

Birinci mərhələdə ABŞ Ədliyyə Nazirliyi Google-un digər reklam birjaları ilə inteqrasiyanı təmin edən API yaratmasını və DFP-dən digər platformalara məlumatların asanlıqla köçürülməsi üçün ixrac funksiyasını təmin etməsini tələb edir. Növbəti mərhələdə Google-un reklam auksionlarının yekun mərhələsində istifadə olunan proqram kodunu açıq şəkildə təqdim etməsi və bu kodu DFP, Android və Chrome da daxil olmaqla, öz məhsullarında yerləşdirməsi və ya təkrar istifadə etməsi qadağan olunması təklif edilir. Sonuncu mərhələdə Google qalan DFP hissəsini AdX-in alıcısı ilə əlaqəsi olmayan bir təşkilata təhvil verməlidir. Bundan əlavə, Ədliyyə Nazirliyi Google-un DFP vasitəsilə əldə etdiyi məlumatları paylaşmasını məcburi etmək istəyir.
Nazirlik bildirir ki, şirkət YouTube, Gmail, Chrome, Android və ya öz axtarış sistemi üzərindən əldə etdiyi üçüncü tərəf məlumatlarından ədalətsiz rəqabət üstünlüyü qazanmaq üçün istifadə etməməlidir. Tamamilə təbiidir ki, Ədliyyə Nazirliyinin təklif etdiyi tədbirlər Google-u qane etmir. Şirkət öz bəyanatında məhkəməni biznesin bölünməsinə ehtiyac olmadığına inandırmağa çalışır. Google bildirir ki, AdX və DFP xidmətləri qanun pozuntusu olmadan əldə edilib və şirkətin antiinhisar qanunvericiliyini pozmaq niyyəti olmayıb. Qeyd olunur ki, reklam xidmətlərinin spesifikasına görə “bu xidmətlərin ayrılması asan məsələ deyil”, çünki söhbət sadəcə AdX və ya DFP-nin ilkin proqram kodunun alıcıya ötürülməsindən getmir. Şirkətin iddiasına görə, bu xidmətlərin ayrılması halında Google ekosistemindən kənarda işləyə biləcək yeni AdX və DFP versiyalarının yaradılması tələb olunacaq.

Şirkət nümayəndələrinin sözlərinə görə, bu proses azı 5 il vaxt aparacaq. “Eyni zamanda bu proses AdX və DFP istifadəçilərinə ciddi ziyan vuracaq. Hər iki xidmətin və ya onlardan birinin yenidən qurulması üçün tələb olunacaq illər ərzində, bu sistemləri tanıyan və hazırda onların dəstəyi və inkişafı ilə məşğul olan məhdud sayda proqramçılar da daxil olmaqla, yeni versiyaların hazırlanması üçün əhəmiyyətli resurslar lazım olacaq” - deyə Google-un bəyanatında bildirilir. Biznesin bölünməsinin qarşısını almaq üçün Google bəzi fəaliyyət metodlarından istifadəni qadağan edən tələbləri qəbul etməyə hazır olduğunu bildirir. Bundan əlavə, şirkət rəqiblərə AdX birjasında təklif qiymətlərinə çıxış imkanı verməyi, vahid qiymətqoyma qaydalarını ləğv etməyi, nəşriyyatlara müxtəlif iştirakçılar üçün fərqli qiymətlər təyin etməyə icazə verməyi və digər tədbirləri tətbiq etməyi təklif edir.
Mənbə: The Verge
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
