
Meta Apple-ın daha iki süni zəka mütəxəssisini özünə cəlb edib
Tech-Biznes
18.07.2025
Emil
Meta süni zəka bölməsini gücləndirməyə davam edir və Apple şirkətindən daha iki əsas mütəxəssisi - Mark Lee və Tom Gunter-i öz komandasına cəlb edib. Hər iki mütəxəssis daha əvvəl Meta ilə 200 milyon dollar məbləğə müqavilə imzalamış Ruoming Pang-ın rəhbərliyi altında çalışıblar. Onlar Apple-ın süni zəka bölməsi olan Apple Foundation Models (AFM) strukturunda aparıcı vəzifələr tuturdular, lakin indi Meta şirkətinin Superintelligence Labs komandasında fəaliyyət göstərəcəklər. Mark Lee artıq yeni vəzifəsinə başlayıb, Tom Gunter isə Apple-dan 1 ay əvvəl ayrıldıqdan sonra qısa müddət başqa bir süni zəka startapına qoşulub, lakin sonda seçimində Meta-ya üstünlük verib.

Bu kadr təyinatları Apple-da böyük dil modellərinin (LLM) inkişafına rəhbərlik etmiş Ruoming Pang-ın gedişindən sonra baş verənlərin davamı kimi qiymətləndirilir. Onun Meta ilə imzaladığı müqavilənin dəyəri bir neçə il üçün 200 milyon dollar qiymətləndirilir. Həmin vaxt Bloomberg proqnozlaşdırmışdı ki, onun ardınca süni zəka sahəsində digər əsas mütəxəssislər də Apple-dan ayrılacaqlar. Meta şirkətinin baş direktoru Mark Zuckerberg daha əvvəl süni zəkanı şirkətin əsas prioriteti adlandırmışdı və hazırkı kadr dəyişiklikləri bu sahədə ən yaxşı mütəxəssisləri cəlb etməyə yönəlmiş aqressiv strategiyanı təsdiqləyir.

Meta bundan əvvəl də OpenAI və Google-dan tədqiqatçıları cəlb edə bilmişdi. İndi isə Apple daxilində - xüsusilə Siri də daxil olmaqla süni zəka funksiyalarının gələcək inkişaf perspektivlərinin hələ də qeyri-müəyyən olduğu bir vaxtda - yaranmış vəziyyətdən istifadə edərək yeni istedadları özünə qazandırıb. Bu arada Apple-ın süni zəka bölmələrində mənəvi mühit getdikcə pisləşir: mühəndislər son uğursuzluqlara görə günahın onların üzərinə atıldığını hiss edirlər. Meta isə, öz növbəsində, Apple vəziyyətini sabitləşdirməzdən əvvəl narazı əməkdaşları cəlb etmək üçün bu vəziyyətdən istifadə edir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy S25 FE-nin iki vacib özəlliyi açıqlanıb
