Logo
    main-post-cover

    Meta OpenAI mütəxəssislərini 100 milyon dollarlıq bonus ilə özünə cəlb etmək istəyibmiş

    Tech-Biznes
    19.06.2025
    Emil
         Süni zəka sahəsində dəyərli kadrlar uğrunda mübarizənin kəskinliyi OpenAI-nin qurucusu Sam Altman-ın qardaşı Jack Altman tərəfindən aparılan podkastda səsləndirdiyi fikirlərlə bir daha diqqətə çatdırılıb. Məlumata görə, rəqib Meta Platforms şirkəti OpenAI-nin dəyərli mütəxəssislərini öz sıralarına cəlb etməyə çalışıb və onlara 100 milyon dollar təklif edib. Mark Zuckerberg-ə məxsus şirkətin bu cəhdləri barədə ilk dəfə 1 həftə əvvəl The New York Times yazmışdı. Bu həftə isə OpenAI-nin rəhbəri Sam Altman bu məlumatı qardaşı Jack ilə müsahibəsi zamanı təsdiqləyib: “Meta komandanın bir çox üzvünə bu cür nəhəng məbləğlər təklif etməyə başlayıb. Təsəvvür edin, 100 milyon dollar bonus 1 illik əmək haqqı paketindən daha çoxdur. Mən doğrudan da sevinirəm ki, indiyədək bizim ən yaxşı mütəxəssislərimizdən heç biri belə təklifləri qəbul etməyib”.
         OpenAI-nin təsisçisinin fikrincə, şirkətin mütəxəssisləri əmindirlər ki, onlar rəqiblərindən daha tez ümumi süni zəka (AGI) yarada biləcəklər və bu da daha böyük kapitallaşmaya gətirib çıxaracaq. Bundan əlavə, Altman-ın fikrincə, Meta şirkətinin korporativ mədəniyyətinin təməlində düzgün stimullar və dəyərlər dayanmayıb. Onun fikrincə, AGI yaratmaq missiyası əməkdaşlara yüksək maaşlardan daha vacibdir. Şayiələrə görə, Meta OpenAI-nin aparıcı tədqiqatçılarından biri olan Noam Brown-un və Google-un süni zəka üzrə baş memarı Koray Kavukcuoglu-nu öz sıralarına cəlb etməyə çalışıb, lakin hər iki cəhd uğursuzluqla nəticələnib. Sam Altman OpenAI-nin korporativ mədəniyyətində innovasiyalara verilən önəmi startapın uğurunun əsas təminatı hesab edir.
         Onun fikrincə, Meta-nın süni zəka sistemlərinin inkişafı sahəsində atdığı addımlar hələlik rəhbərliyin gözlədiyi nəticələri verməyib. Altman-ın sözlərinə görə, o, Meta-nın bir çox nailiyyətlərinə hörmətlə yanaşır, lakin innovasiya sahəsində şirkətin güclü olmadığı qənaətindədir. Onun fikrincə, bu sahədə sadəcə təqibçi olmaq bazar uğuru üçün kifayət deyil. Əsl liderlik üçün gerçək innovasiyalar lazımdır. OpenAI rəhbəri çıxışı zamanı həmçinin sosial şəbəkələr üçün elə bir texnologiya yaratmaqda maraqlı olduğunu bildirib ki, bu texnologiya istifadəçiyə yalnız həqiqətən maraqlandığı məlumatları göstərsin. Altman-ın sözlərinə görə, mövcud fərdiləşdirmə alqoritmləri bu sahədə qənaətbəxş nəticələr göstərmir. Şayiələrə görə, OpenAI artıq belə bir tətbiq üzərində işləyir və bu da istər-istəməz Meta-nın maraq dairəsinə daxil olan sahəyə müdaxilə sayılır. Meta da öz sosial şəbəkələrində süni zəka ilə təcrübələr aparır, lakin bu cəhdlərin nəticələri hələlik istifadəçilər arasında birmənalı qarşılanmır.
    Paylaş