
1 kg və 1 sm - ASUS Zenbook OLED S 13 almağa dəyərmi?
Elm & Texnologiya
15.06.2023
Farid
Dünyanın ən incə və ən yüngül noutbuklarından biri yeni Asus Zenbook S 13 OLED - bu cihaz nə az nə çox düz 1 sm qalınlığa və 1 kq çəkiyə malikdir. İş adamları, gündəlik üzərində noutbuk daşıyan şəxslər və ən əsası performanslı ofis noutbuku axtaranlar üçün ideal seçim olan ASUS Zenbook S 13 artıq Azərbaycandadır. Cihaz premium bir qablaşmada gəlir və daşıma keys də qutu daxilindən çıxır. Qeyd edim ki, həm qutunun həm də cihazın hazırlanmasında təkrar emal materiallarından istifadə olunduğu üçün təbiət dostu hesab edilir. İnanılmaz incə və yüngüldür. Nəinki bir əl ilə hətta barmaqların ucu ilə də bu cihazı rahatlıqla əldə saxlamaq mümkündür. 16 GB RAM və 1 TB daxili yaddaşlı versiyasının Azərbaycanda rəsmi satış qiyməti 3300 manatdır. Bəli, qiymət olduqca yüksəkdir, bəs bu qiymət qarşılığında ASUS bizə nələr verib? Gəlin icmalımızda detallı bir şəkildə aydınlaşdıraq.
DİZAYN
İlk olaraq dizayn və gövdədən başlayaq. Dediyim kimi 1 kq çəki və 1 sm qalınlığa sahibdir. Qapaq isə 180 dərəcə açıla bilir. Əslində bu incəliyin altında güclü bir performans da var. Bununla bağlı texniki hissədə danışacağıq. Gövdədə istifadə olunan həm metal həm də plastik elementlər təkrar istehsaldan əldə olunub. Bu cihazın incə və yüngül üst qapağı alüminiumun xüsusi ASUS Zenbook S 13 üçün hazırlanmış variantı olan keramika alüminiumdan hazırlanıb. Çox dözümlü, güclü, soyuq rəngdə və ABŞ-ın hərbi davamlılıq sertifikatından keçmiş dərəcəyə sahib bir noutbukdur. Yəni incə və yüngül olması ilə yanaşı çox dözümlü və bərk bir gövdəyə sahibdir. Bu materialm öz üzərində barmaq izi ləkəsini çox az saxlayır. 13.3 düymlük bir ekrana sahib olduğu üçün 13 düymlük bir noutbukdur, adlandırılmasında da bu, yer alıb. Belə ölçüdə olmasına baxmayaraq, kifayət qədər rahat bir klaviaturaya sahibdir. Yəni düymələr arası məsafə kifayət qədərdir, basma hissi və səsi çox yaxşıdır, altında isə ağ LED-lər yanır. Klaviaturanın kənar materialı maqnezium alüminiumdur. Aşağıya doğru təkrar istehsaldan əldə edilmiş plastik material gəlir. Klaviaturanın düymələri də plastikdən hazırlanıb. Barmaq izi skanı yoxdur, lakin, ön hissədə olan 1080p keyfiyyətində kamera və yanında quraşdırılmış infrared sensor üzü skan edə bilir. Windows Hello ilə inteqrasiya edib Face ID ilə cihazınızı işə sala bilərsiniz.
Touchpad gövdəyə görə böyükdür. Üzərini şüşə örtük əhatə edir və barmaq izini saxlamır. Yəni bu cihazın klaviaturası və touchpad-ı rahatlıqla onu ofis işləri üçün istifadəyə yararlı edir. Bir də nəzərə alın ki, çəkisi cəmi 1 kq-dır. Qapağın üstündə ASUS-un öz dəst-xəttinə uyğun xətlərlə loqosu yer alır. İki ədəd USB Type-C girişli Thunderbolt 4 portu, onun yanında HDMI 2.1 sol hissədə quraşdırılıb. Bu arada Type-C girişlərinin hər ikisindən enerji toplaya bilir, yəni Type-C başlıqlı bir adapteri var. Sağ tərəfinə isə gövdəsi çox incə olmasına baxmayaraq USB 3.2 Gen 2 dəstəkli bir USB Type-A girişi yerləşdirməyi bacarıblar. Dərhal onun sağında da 3.5 mm qulaqlıq portu. Əslində, belə incə gövdə üçün çox yaxşıdır. Tək olmayan SD kart girişidir. Hava kanalları düz gövdənin arxasında yerləşir. 2 ədəd pərdən ibarət aktiv soyutma sisteminə sahibdir. Cihazı açan halda öz gövdəsini yerdən biraz yuxarı qaldırır ki, klaviaturada işləmək daha rahat olsun.
EKRAN
Ekran çərçivələri incədir. Nisbət 85%-dir. Ümumiyyətlə ASUS minimalizmin kralını hazırlayıb. Bu cihaza dizayn tərəfində mənfi nəsə demək olmur. Gördüyüm ən gözəl, rahat, daşınıla bilən, performanslı noutbukdur. Bəs belə incəliyin yanında ekran necədir? Əslində elə cihazın adından bunu hiss etmək olur ki, ASUS Zenbook S 13 OLED təkcə dizaynı ilə yox ekranı ilə də fərq yaradır. ASUS son illər OLED ekran panelləri üzərində ciddi nailiyyətlər əldə edib və dünyada ən çox OLED ekrana sahib olan noutbuk istehsal edən şirkətdir. Bu ekran 13.3 düymdür. Ekran sensorlu deyil. 16:10 nisbətində 2.8K kimi yüksək keyfiyyətə sahibdir. Pik səviyyədə parlaqlığı 550 nit-ə qədər qalxır. Dizayner dostlar üçün deyim ki, bu ekran 100% DCI-P3 uyumludur. Dolby Vision dəstəyi var. Pantone kolibrasiya təsdiqlidir. Gözə mavi işıq dalğalarını az verir və TÜV Rheinland sertifikatı var. HDR məzmunları dəstəkləyir. ASUS bu ekranına Lumina adını verir. Gördüyünüz kimi bu texnologiyalar ilə çox dərin, dolğun, dəqiq rənglər əldə olunur. Yəni, məzmun yaradan şəxslər doğru rəngləri görmək üçün bu cihazı əldə edə bilərlər. Ekran 60 Hz-lik təsvir yenilənməsini dəstəkləyir. Düşünürəm ki, bu ekran daha yüksək tezlikdə və daha yuxarı nit parlaqlığında olsaydı, lap əla olardı. Dizayn kimi ekranda da son dediyim iki detal istisna olmaqla hər şey əladır.
PERFORMANS
Gələk ən əsas məsələyə. Dizayn, ekran əla, bəs performans? Bu cihazın belə incə gövdəyə sahib olmasına baxmayaraq çox performanslıdır. Qapağı açan zaman Intel Evo loqosu bizə ilkin məlumatı verir. Bu o deməkdir ki, ASUS Zenbook S 13 OLED Intel Evo ekosisteminə uyğundur. Yəni sürətli bağlantı, artırılmış performans və uzun ömürlü batareya. Cihaz ultrabook-lar üçün nəzərdə tutulan 13-cü nəsil Intel Core i7 1335U prosessorundan güc alır. Ana löhvəni ASUS çox incə və yığcam hazırlayıb, termal sistemini yeniləyib və yaxşı soyutma ilə performansı normaldan 20% daha artırıb. Yəni bu prosessorun emal elədiyi güc maksimum şəkildə 15W TDP olmalı idisə, ASUS-la birgə iş nəticəsində 20W-a qalxıb. 10 nüvəlidir, maksiumum şəkildə 5 GHz tezliyə qədər qalxa bilir. Qrafik çip olaraq isə bu setdə standart Intel Irıs Xe qrafik kartı gəlir. Əlavə xarici qrafik kartının olmaması da başa düşüləndir. Gövdə çox incədir. Belə güclü prosessorun yanında inteqrasiya olunmuş 16 GB və ya 32 GB RAM yer alır. Bu RAM-lar dəyişilə bilmir. DDR5 standartı əsasında hazırlanmış 5200 MHz tezliyində çalışan RAM-lardır. Daxili yaddaş 1 TB-dır, əlavə yer quraşdılıb. M2 PCIe 4.0 texnologiyalı SSD-dən istifadə edir. Bu SSD 6500 MB/S sürət oxuma qabiliyyətinə sahibdir. Intel Evo uyumlu olduğu üçün Wi-Fi 6e bağlantı dəstəyi də var.
Bəs oyun necə? Təbii ki, bu cihazdan gaming bir kompüterin performansını gözləmək ağılsızlıq olardı. Amma bu incə gövdəsi ilə ASUS Zenbook S 13 OLED normal qrafikada bəzi oyunları oynada bilir. Sahib olduğu texniki imkanlar buna kifayət edir. Yəni sırf gamer-lər üçün yox, ürəyi sıxılanda biraz oyun oynamaq istəyən insanların köməyinə çata bilər.
SƏS
Cihazın aşağı hissəsində 2 ədəd səs ucaldıcı yer alıb. Səs sistemi məşhur Harman Kardon tərəfindən hazırlanıb. Dolby Atmos dəstəyi var. Və bununla da bu noutbuk tam Dolby dəstəyi ilə gəlir. Ekranda Dolby Vision, səsucaldıcıda Dolby Atmos dəstəyi. Səs səviyyəsi, təmizliyi bu cihazın gövdəsinə görə çox yaxşıdır. Bu mənada da bu ultrabook-a mənfi rəy vermək olmur. Bundan başqa ClearVoice dəstəyi də var ki, bu səs ucaldıcılar videokonfranslar zamanı insan səsindən başqa, arxada olan küyləri filtrləyə bilirlər. Yəni tam bir biznes noutbukudur. Biznes demişkən, iş adamları üçün bir başqa önəmli detal da kameradır. Kamera 1080p keyfiyyətindədir və yaxşı bir görüntü keyfiyyəti var. Bu kamera infrared kameradır yəni Face ID dəstəyi var. Eləcə də MyAsus tətbiqindən çoxlu tənzimləmələr edə bilərsiniz. Yanında olan bir sensor isə ətrafda olan işığa görə parlaqlığı və rəngi tənzimləyə bilir. Bundan başqa arxanı blur etmək, rejimləri seçmək, parlaqlığı artırmaq kimi özəlliklər var. Bunlar sayəsində noutbuk video konfrans təcrübəsini yüksəyə qaldırır.
BATAREYA
Yekun olaraq batareya. Dediyim kimi Intel Evo loqosu artıq bizə ilkin xəbəri vermiş olur. Bu cihazda 63 vatt saat batareya quraşdırılıb. Bu batareya normal istifadə zamanı 14 saata qədər istifadə imkanı təqdim edir. Yəni işə gedən zaman adapter daşımaq kimi bir ehtiyacınız olmur. Sadəcə 1 kq olan noutbuku aparmaq bəs edir. Type-C vasitəsilə enerji toplayır. 65 vatt-lıq bir adapteri var. Sonda 3300 manat qiymətilə mənə görə Asus Zenbook S 13 Oled biznes seqmentinin sevimli noutbuku ola bilər.
Detallı video icmalı izləmək üçün:
Paylaş
Bənzər xəbərlər