1965-ci ildən xidmət göstərən nəhəng texnika yenidən rekord yük daşıyır
Elm & Texnologiya
25.02.2026
Ilhama
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, NASA-nın 60 ildən çox yaşı olan nəhəng “crawler-transporter”i yenidən tarix yazmağa hazırlaşır. Bu texnika 18 milyon funt (təxminən 8,1 milyon kq) çəkidə olan Artemis II raketini yenidən anqarına aparacaq.
Beş həftədən artıq Florida ştatındakı start meydançasında qaldıqdan sonra NASA Artemis II missiyasının raketini gözlənilməz texniki problemlərə görə buraxılış etmədən geri qaytarmaq qərarına gəlib. Əgər hava şəraiti imkan versə, daşınma 25 fevral 2026-cı il saat 09:00-a planlaşdırılıb. Raket Kennedy Space Center ərazisində yerləşən Vehicle Assembly Building binasına aparılacaq.
Cəmi 4 millik məsafə qısa görünsə də, milyardlarla dollar dəyərində kosmik texnika daşındığı üçün bu yol son dərəcə məsuliyyətlidir. 322 fut (təxminən 98 metr) hündürlüyündə olan Space Launch System (SLS) raketi, Orion kosmik gəmisi və mobil start platforması birlikdə təxminən 18 milyon funt çəkiyə malikdir. Bu yükü daşıyan “crawler-transporter” 1965-ci ildə istehsal edilib və əvvəllər Apollo proqramının Saturn V raketlərini və Space Shuttle-ları daşımışdı. İndiyədək 2500 mildən çox məsafə qət edib.
Crawler-in yenilənmiş versiyası CT-2 2023-cü ilin martında Guinness World Records tərəfindən dünyanın ən ağır "özüyeriyən nəqliyyat vasitəsi" kimi tanınıb. Təkcə nəqliyyat vasitəsinin özü 6,6 milyon funt çəkir və lokomotiv mühərrikləri ilə elektrik generatorlarının kombinasiyası ilə işləyir. NASA mütəxəssisləri onu “ilk hibrid nəqliyyat vasitəsi” adlandırırlar.
Bununla belə, yeni nəsil Ay raketinin daha ağır olması texnikaya ciddi yük salır. Crawler-in paletləri, komandanın “ayaqqabı” adlandırdığı metal hissələr tez aşınır və hər daşınmadan sonra 2-3 ədəd dəyişdirilməli olur. Raket anqara qaytarıldıqdan sonra mühəndislər yuxarı pillədə aşkar edilmiş helium axını problemi üzərində işləyəcəklər. Helium raketin yanacaq çənlərində təzyiqin düzgün saxlanması və mühərriklərin qorunması üçün həyati əhəmiyyət daşıyır. Oxşar vəziyyət əvvəllər pilotsuz həyata keçirilən Artemis I missiyası zamanı da qeydə alınmışdı.
Hazırda problemin dəqiq səbəbi açıqlanmayıb. İlkin ehtimallar arasında yerüstü avadanlıqla birləşmə nöqtəsi, yuxarı pillədəki klapan və ya helium xəttində filtr nasazlığı göstərilir. NASA crawler-in start meydançasından anqara doğru hərəkətini YouTube üzərindən canlı yayımlayacaq və Artemis bloqunda mütəmadi yeniliklər paylaşacaq.
Paylaş