main-post-cover

    2018-ci ildə hacker hücumları süni zəka tərəfindən ediləcək

    Elm & Texnologiya
    02.01.2018
    Farid Pardashunas
    Süni zəka daha sürətli şəkildə təkamül edir və artıq bu il o, hackerlər tərəfindən təhlükəli silaha çevriləcək.
    O, mühafizə sistemlərini hack etməyi, onlara öyrəşməyi, səsli köməkçilər üzərində idarəetməni ələ keçirtməyi və hətta özünü insan kimi təqdim etməyi öyrənəcək. 2016-cı ilin yay fəslində 7 hacker komandası Las Veqasda keçirilmiş Cyber Grand Challenge adlı tədbirdə iştirak etmişdi. Həmin tədbirdə avtomatik sistemlər bir-birilərini hack edərək yarışırdılar. Beləliklə həmin tədbirin qalibi Mayhem adlı cihaz olmuşdu. 2017-ci ildə isə Mayhem öz uğurunu təkrar edə bilmədi və insanlardan ibarət komandaya uduzdu.
    Görünür, robota yaradıcı yanaşma, intuisiya və motivasiya bəs etməyib. Lakin bu il hər şey dəyişəcək. Süni zəka praktikası və nəzəriyyəsində olan irəliləyiş, kibertəhlükəsizlikdə olan inkişaf onu göstərir ki, süni zəka alqoritmləri kibertəhlükəsizlik və kiberhücumların əsas elementləri olacaqlar. İnformasiya təhlükəsizliyi mütəxəssislərin çox hissəsi düşünür ki, artıq 2018-ci ildə hackerlər süni zəkadan kibersilah kimi istifadə edəcəklər.
    Defcon 2017 tədbirində “Endgame” adlı şirkət avtomatlaşdırılmış sistemin işini sərgiləmişdi. Həmin sistem OpenAI Gym mühitini analiz edərək zərərli faylları antivirusdan gizlətməyi bacarırdı. Bir neçə belə inkişaf və innovasiyalardan sonra süni zəkanın təkamül pilləsində daha bir addım yuxarı qalxdığını və kompüter zəifliklərini taparaq, onları insanlara qarşı istifadə edilməsini təsvir etmək heç də çətin deyil. Bu cür süni zəka özünü insana tamamilə təhlükəsiz sistem kimi təqdim edə bilər. Məsələn o özünü bizim gündəlik qeydlərimizi aparan, elektron poçt ünvanımızı yoxlayan və bizim ağıllı evimizi idarə edən səsli köməkçi kimi təqdim edə bilər. Lakin onu zərərli süni zəka əvəz etsə, onda necə?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər