main-post-cover

    40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq edə bilər?

    Elm & Texnologiya
    03.05.2021
    Emil Nəcəfov
        Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninqi üçün optimizasiya edə bilib. Bu ideyanı reallaşdırmaq mümkün olsa da, bu cür mayninqin effektiv olması barəsində suallar ortaya çıxır. Bazarda kriptovalyuta mayninqi üçün nəzərdə tutulmuş təchizat çatışmazlığının yaşandığı bir vaxtda həvəskar şəxslər istənilən cihazda kriptovalyuta mayninqi ilə məşğul olmağın mümkünlüyünü sübut edirlər. Bu dəfə həvəskar şəxslərdən biri bunun üçün Commodore 64 adlı kompüterdən istifadə edib.
        Həmin şəxs Bitcoin Miner 64 adlı proqram təminatı vasitəsilə sözügedən kompüteri bitcoin mayninqi ilə məşğul olmağa məcbur edib. Real rəqəmlərə baxanda isə görmək olar ki, bu cür cihaz öz sahibinin mənfiyə işləməsinə gətirib çıxardacaq. Belə ki, bu cür cihazda bitcoin mayninqi üçün sərf olunan elektrik enerjisinin dəyəri mayninqdən əldə olunan gəlirdən daha çox olacaq. SuperCPU genişlənməsi sayəsində əldə olunmuş optimizasiya vasitəilə kompüterin sistem performansını 20 dəfə yüksəltmək mümkün olub.
        Təcrübəni reallaşdırmış şəxsin sözlərinə əsasən sözügedən kompüter vasitəsilə 10$ dəyərində bitcoin mayninqi üçün 758 milyon il vaxt lazım olacaq. Məsələ burasındadır ki, Commodore 64 kompüteri orta büdcəli müasir smartfonlardan 1000 dəfə daha aşağı performansa sahibdir. Qeyd etmək lazımdır ki, sözügedən kompüter 1 MHz tezlikdə çalışan MOS Technology 6510 adlı prosessor və 64 KB RAM ilə təchiz olunub. Performans göstəricisinin yüksəldilməsi prosesi nəticəsində kompüterin prosessoru 20 MHz tezlikdə çalışa bilib.
    Linki kopyala