Logo
    main-post-cover

    ABŞ-da dünyanın ilk termonüvə elektrik stansiyasının inşasına start verilib

         ABŞ-ın Helion Energy startapı Birləşmiş Ştatlarda ilk termonüvə elektrik stansiyasının yaradılmasına gətirib çıxaracaq tikinti işlərinə başlayıb. Təxminən 5 il sonra istifadəyə veriləcək bu obyektin demək olar ki, bütün elektrik enerjisi artıq Microsoft tərəfindən Vaşinqton ştatındakı məlumat mərkəzlərini enerji ilə təmin etmək üçün alınıb. Hazırda şirkət hələ reaktorun sınaq mərhələsini tam başa vurmayıb və obyektin istismarı üçün tam lisenziya əldə etməyib. Buna baxmayaraq, layihə ümumi dəstək qazanıb və reallaşdırılmağa başlanılıb. “Bu gün təkcə Helion üçün deyil, bütün termonüvə sənayesi üçün mühüm gündür, çünki biz enerji müstəqilliyi və sənaye modernizasiyası sahəsində yeni bir dövrün əsasını qoyuruq” - deyə Helion-un həmtəsisçisi və baş direktoru David Kirtley bildirib.
         Şirkətin təşəbbüsləri OpenAI-nin rəhbəri Sam Altman SoftBank şirkətinin vençur bölməsi də daxil olmaqla bir sıra iri investorlar tərəfindən dəstəklənir. Helion-un termonüvə reaktoru ənənəvi tokamaklardan fərqlənir. İki işçi kameralı konstruksiyası ilə o, daha çox qantelə bənzəyir. Maraqlı təkliflərdən biri də reaktorun yaratdığı enerjinin çıxarılması üsuludur. Bu proses bir növ naqilsiz şəkildə - elektromaqnit induksiya metodu ilə həyata keçiriləcək, bu da smartfonların naqilsiz şarj texnologiyasına bənzəyir. Kameralarda hərəkət edən plazma öz elektromaqnit sahəsi ilə xarici sarğılarla qarşılıqlı təsirə girəcək və həmin sarğılarda elektrik cərəyanı induksiya olunacaq.
         Termonüvə reaksiyasından enerjinin çıxarılması üçün başqa heç bir üsuldan istifadə olunmayacaq ki, bu da işçi kameralarda daha stabil proseslər vəd edir. Əsas diqqət, bu arada, reaktorda termonüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə edilə biləcək helium-3-ün sintezinə yönəldiləcək. Elektrik enerjisinin istehsalı isə bu qurğunun əlavə faydalı funksiyası olacaq. Helion şirkəti 2024-cü ilin oktyabrında reaktorunun növbəti prototipi üzərində sınaqları tamamlayıb. Bu prototipdə plazma temperaturu 100 milyon dərəcə Selsiyə çatdırılıb - bu, öz-özünü davam etdirə bilən termonüvə reaksiyasının baş verməsi üçün tələb olunan minimum həddir. Şirkət əmindir ki, 2028-ci ildə elektrik stansiyası istifadəyə verildiyi vaxtadək bütün zəruri milli tənzimləyici icazələr əldə ediləcək və reaktor saat kimi işləyəcək.
    Paylaş