main-post-cover

    ABŞ konqressi Mark Zuckerbeg'i Libra kriptovalyutasına görə 6 saat sorğu-suala tutdu

    Elm & Texnologiya
    24.10.2019
    Farid Pardashunas
        23 oktyabr tarixində Facebook şirkətinin təsisiçisi və CEO-su Mark Zuckerberg ABŞ konqressinin təmsilçilər palatasında 6 saat sorğu-suala tutulub. Bu dəfəki əsas mövzu Facebook-un Libra adlı kriptovalyutası olsa da konqress təmsilçiləri həmçinin istifadəçi məlumatlarının yığımı, Facebook-da reklam targetinqi, konfidensiallıq problemləri və sosial şəbəkələr arasında Facebook-un monopoliyası kimi məsələlərə də toxunublar. Bu barədə Vc.ru saytı xəbər verib.
    Libra layihəsinin mahiyyəti və Facebook-un həmin layihədən çıxma mümkünlüyü:
        ABŞ konqressində baş tutmuş bir neçə saatıq dinləmələr zamanı Mark Zuckerberg dəfələrlə qeyd edib ki, Libra layihəsi pulların saxlanılması sistemini və onların aşağı komissiyalar ilə göndərilməsini təmin etməklə əhalinin kasıb təbəqəsinə faydalı olacaq. Layihəni isə Facebook şirkəti deyil Libra adlı qeyri kommersiya məqsədli xüsusi assosiasiya idarə edəcək. Öz çıxışı zamanı Zuckerberg bildirib ki, Facebook şirkəti ABŞ-ın nizamlayıcı orqanlarından icazə almadan Libra-nı öz platformalarında istifadə etməyəcək.
        Bununla yanaşı Libra assosiasiyası nizamlayıcı orqanlardan icazənin alınmaması ehtimalında kritpvalyutanın hazırlanmasına və inkişaf etdirilməsinə davam etsə, Facebook şirkəti bu layihədən çıxmağa hazır olacaq. “Baxmayaraq ki, Libra assosiasiyası müstəqildir və biz onu idarə etmirik, mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Facebook şirkəti ABŞ-ın nizamlayıcı orqanlarından icazənin olmadığı vaxta kimi heç cürə Libra-nın istifadəyə verilməsində iştirak etməyəcək” - deyə Mark Zuckerberg bildirib.
    Libra-nın “vətənpərvər tərkibi” və Çin ilə qarşıdurma:
        “Libra, yaradılması lazım olan bir şeydir. Mən başa düşürəm ki, indiki vəziyyətdə bunu demək üçün ən yaxşı təmsilçi mən deyiləm. Mən əminəm ki, bunu Facebook-dan başqa digərlərinin təklif edəcəyini istəyəcək çoxlu sayda insanlar var” - deyə Zuckerberg bildirib. Bununla da o, rəqəmsal ödənişlərin inkişaf etdirilməsinin vacibliyini bildirib. Onun sözlərinə əsasən o, Libra-nın çalışıb-çalışmayacağını bilmir. Lakin buna baxmayaraq o əlavə edib ki, nəsə yeni bir şeyi yoxlamaq lazımdır. O etiraf edib ki, Facebook-un kriptovalyuta layihəsi çoxları tərəfindən skeptik qarşılanıb. Buna əsas səbəblərdən biri də Facebook şirkətinin istifadəçi konfidensiallığı məsələsində buraxdığı səhvlərdir.
        Zuckerberg düşünür ki, ABŞ hökuməti dolları dəstəkləyən qlobal ödəniş sisteminin işə salınması üzrə öz korporasiyasının köməyinə ehtiyac duyur. Onun sözlərinə əsasən əgər ABŞ bununla məşğul olmasa, digər ölkələr Çindən olan alternativ ödəniş sistemlərindən istifadə edəcəklər. Həmin sistemlər isə Çin dövləti tərəfindən dəstəklənirlər və nəzarət orqanları ilə əlaqəlidirlər. Bundan əlavə olaraq o qeyd edib ki, Libra ABŞ-ın bütün dünya üzrə maliyyə liderliyinin bərkidilməsinə yardımçı olacaq.
        Kriptovalyutanın istifadəyə verilməsində ola biləcək istənilən gecikmə isə bu liderliyin itirilməsinə və rəqəmsal ödənişlər sahəsində Çinə məğlubiyyətə gətirib çıxara bilər. “Çin bu cür ideyanın yaxın aylarda reallaşdırılmasına doğru gedir. Biz oturub güman edə bilmərik ki, əgər bugünki gündə ABŞ liderdisə deməli sabahkı gündə də lider olaraq qalacaq. Yeni layihələrin riskləri var və biz onları aradan qaldırmalıyıq. Lakin şəxsən mən narahatam ki, biz yeni bir şey etməsək (fərqi yoxdur, Libra və ya başqa bir şey) deməli liderliyi əldən buraxacağıq” - deyə Zuckerberg bildirib.
        Bundan əlavə olaraq onun sözlərinə əsasən Libra vasitəsilə ABŞ hökuməti digər ölkələrə sanksiyalar da tətbiq edə bilər. “Biz, Libra-nın işə salınması riskini Çinin maliyyə sisteminin bir çox ölkələrdə standart kimi qəbul olunma riski ilə bir tərəzidə ölçməliyik. Həmin halda bizim nəzarət etdiyimiz ölkələrə sanksiyaların və digər qorunma üsullarının tətbiq edilməsində çətinlklər yaranacaq” - deyə Zuckerberg əlavə edib.
    Böyük IT şirkətlərə kriptovalyutaların istifadəyə verilmə qadağası barədə:
        Konqresmen Ted Budd-ın sözlərinə görə texniki baxımdan Libra, Bitcoin və ya Ethereum kimi kriptovalyuta deyil. O, mövcud olan valyutalara birləşdirilmiş stablecoindir. Konqresmen Mark Zuckerberg-dən bu cür valyutanın necə nizamlanması barədə soruşub. “Əgər biz maliyyə texnologiyaları sahəsində lider kimi qalmaq istəyiriksə vacib olan məsələ ondan ibarətdir ki, biz, kriptovlayutalara qarşı sərt qanunlar qəbul etməməliyik” - deyə Zuckerberg bildirib.
        Konqresmen Jesus Garcia isə öz növbəsində müzakirə olunan “Keep Big Tech Out of Finance Act” adlı qanun layihəsinə dəstək verib. Bu qanun illik gəliri 25 milyard dollardan yüksək olan texnoloji şirkətlərə maliyyə müəssisələrinə çevrilməyi, hansısa maliyyə müəssisəsinə daxil olmağı, kriptovalyuta yaratmağı və kriptovalyutanı dəstəkləməyi qadağan edir. Bu qanun təmsilçilər palatasının maliyyə xidmətləri üzrə komissiyası tərəfindən bu ilin iyul ayında müzakirəyə çıxarılıb.
    Libra layihəsindən digər böyük şirkətlərin (PayPal, MasterCard və s.) çıxmaları:
        Libra layihəsindən vacib partnyorların hansı səbəbə görə çıxmaları sualına Zuckerberg cavab olaraq bildirib ki, bunun əsas səbəbi hökumətlər tərəfindən olan ciddi normativ nəzarət əsasında yaranmış risklərdir. O həmçinin qeyd edib ki, həmin şirkətlər gələcəkdə Libra-ya geri qayıda biləcəklərini də bildiriblər.
    Facebook-un bir neçə şirkətə ayrılması:
        Təmsilçilər palatasının maliyyə xidmətləri üzrə komitəsinin sədri Maxine Waters öz çıxışı zamanı qeyd edib ki, Facebook ətrafında məlumat təhlükəsizliyi üzrə baş vermiş qalmaqallar öz növbəsində Facebook-un monopoliyasını zəiflətmək üçün onun bir neçə daha kiçik şirkətlərə ayrılması məsələsinin müzakirəsinə səbəb olublar. Jesus Garcia isə bu fikri dəstəkləyib və qeyd edib ki, Facebook həddindən artıq səlahiyyətlər əldə edib və çox böyüyüb. Konqresmenlər şirkətin ayrılması barəsində ciddi düşünməlidirlər.
    Facebook-un problemləri barəsində:
        Konqresmen Maxine Waters bildirib ki, Facebook şirkəti öz biznesinin aparılması üzrə olan problemləri həll etməyənə kimi Libra üzərindəki işlərini dayandırmalıdır. Konqresmen Facebook-un problemləri kimi uşqların sözügedən platformada istismarını, siyasi reklamların düzgünlüklərinin yoxlanılmasından imtinanı, mesajların end-to-end şifrələnmə üsuluna keçidini və deepfake videoların yayılmasını qeyd edib.
        “Ola bilər siz özünüzü qanundan üstün tutursunuz. Görünür, siz öz şirkətinizin miqyasını aqressiv şəkildə böyüdürsünüz və əldə etmək istədiyiniz şeyi əldə etmək üçün rəqiblərinizin, qadınların, müxtəlif rəngdə dəriyə sahib insanların, istifadəçilərinizin və nəhayət bizim demokratiyamızın üzərindən belə keçməyə hazırsınız” - deyə konqresmen Maxine Waters qeyd edib. Mark Zuckerberg etiraf edib ki, son bir neçə il Facebook şirkəti üçün ağır olub. O, söz verib ki, Facebook-un bütün problemlərini həll etməyə çalışacaq.
    Facebook Messenger-də olan end-to-end şifrələnməsi barəsində:
        Respublika partiyasınn konqresmeni Ann Wagner bildirib ki, Facebook-da mesajların end-to-end şifrələnməsi üsuluna keçid pedofillərlə, seks xidmətlərinin ticarətinin yayılması ilə və uşaqlar üzərində cinsi istismar üzrə fotoların yayılması ilə mübarizəni çətinləşdirir. 2018-ci ildə Facebook bu cür materialların yayılması üzrə ən böyük platforma olmuşdu. Belə ki, sosial şəbəkədə bu mövzular üzrə 12 milyon foto yayılmışdı.
        Bundan əlavə olaraq Ann Wagner-i narahat edən məsələ ondan ibarətdir ki, iMessage Whatsapp-dan fərqli olaraq Facebook-da eyni anda uşaqları axtarmaq, onlarla tanış olmaq, cinsi istismar üçün onlarla ünsiyyət yaratmaq və bu mövzularda olan materialları yaymaq mümkündür. Konqresmenin bunun qarşısının alınması üçün Facebook-un nələr etdiyi sualına Zuckerberg misal olaraq bu cür materialların axtarılıb silinməsi üçün virtual alətləri gətirib. Lakin bununla yanaşı o qeyd edib ki, bir sıra əməliyyatların aşkar edilməsi daha qəliz ola bilər.
    Konqress Zuckerberg-in dəlillərinə necə reaksiya verdi?
        Zuckerberg-in vətənpərvər bəyanatları respublika partiyasının üzvlərinin xoşlarına gəldi. Məsələn, təmsilçilər palatasının üzvü Patrick McHenry bildirib: “Facebook, Libra və ümumilikdə texnoloji şirkətlərin mənfi özəllikləri ilə bağlı mənim öz şübhələrim var. Lakin əgər tarix bizə nəyisə öyrədibsə də o da odur ki, ən yaxşısı amerikalı innovasiyaların tərəfində olmaqdır”. Demokrtik partiyanın üzvlərini isə Zuckerberg-in dəlilləri qane etməyib. Təmsilçilər palatasının üzvü Bradley Sherman öz növbəsində bildirib ki, Libra ilk növbədə kasıb təbəqəyə deyil sahibkarların vergilərini gizlədən cinayətkarlara, terrorçulara yardımçı olacaq.
        “Siz, Facebook-un bütün gücündən istifadə edərək yeni valyuta yaratmaq istəyirsiniz. Siz onu Libra adlandırırsınız. Lakin onun arxasında sizin (Zuckerberg nəzərdə tutulur) dayandığınıza görə mən onu Zuck Buck (Zuckerberg-in dolları) adlandırıram” - deyə Bradley Sherman bildirib. Sherman qeyd edib ki, o, Facebook-a qarşı deyil kriptovalyutalara qarşı çıxış edir. O, Libra-nın anonsundan qabaq Facebook-da olmuş kriptovalyuta reklam qadağasını Zuckerberg-in yadına saldı.
        “Siz, kriptovalyutalara qarşı olanda mən də onlara qarşı idim. Kriptovalyuta ya işləmir və bu halda investorlar öz vəsaitlərini itirirlər, ya  dünyanın yeganə ehtiyat valyutası olan dolları sıxışdırmaqla öz məqsədlərinə çatır ya da dollara təsir edir. Dollar bütün ehtiyacları qarşılayır. O sadəcə o insanların ehtiyaclarını qarşılamır hansılar ki, vergidən yayınanlardır. Bura həmçinin narkotik alverçiləri və terrorçular da daxildirlər. Onların valyuta ehtiyacları kriptovalyutalar ilə ödənilə bilər” - deyə Bradley Sherman əlavə edib.
        Konqress Libra-nın, dünyanın maliyyə sisteminə ABŞ təsirini gücləndirəcəyi fikrini sərt şəkildə tənqid edib. Konqresmenlər qeyd ediblər ki, Libra dollardan əlavə digər valyutaları da dəstəkləyəcək və kriptovalyutanın idarəedici assosiasiyası İsveçrədə yerləşir. Onlar həmçinin Zuckerberg-dən Libra valyutasının necə çalışacağını və bu valyuta vasitəsilə anonim tranzaksiyaların reallaşdırılıb-reallaşdırılmayacağını soruşublar.
        Zuckerberg bütün suallara cavab verməyib. Onun sözlərinə əsasən Libra hal hazırda nəzəri bir layihədir vəonun final variantı hökumətlər tərəfindən olan nizamlamalar və bəyanatlara assosiasiyanın baxılmasından sonra məlum olacaq. O həmçinin qeyd edib ki, Libra üzvlərinin layihəyə digər valyutaların dəstəklərinin əlavə edilib-edilməyəcəyini bilmir. Ananim tranzaksiyalar məsələsi isə hələki müzakirə edilir.
    Zuckerberg-in çıxışına investorların reaksiyası:
        Ümumilikdə investorlar Zuckerberg-in çıxışına müsbət reaksiya veriblər. Bu səbəbdən şirkətin səhm qiymətləri 2% yüksəlib. Zuckerberg-in çıxışı zamanı bitcoin və digər kriptovalyutaların qiymətləri 10% və daha aşağı düşüblər. 6 saat ərzində keçirilmiş dinləmə çərçivəsində Zuckerberg tərəfindən təqdim edilmiş dəlillər qərarın qəbul edilməsinə bəs etməyəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər