main-post-cover

    Alimlər: 'Bitcoini kvant kompüterlər vasitəsilə hack etmək mümkündür'

    Elm & Texnologiya
    27.01.2022
    Emil Nəcəfov
        Böyük Britaniyanın Sasseks Unversitetinin alimləri yeni tədqiqatlarının nəticələrini təqdim ediblər. Alimlər aparılmış tədqiqat çərçivəsində bitcoinin hack (bitcoin açarının) edilməsi üçün hansı kvant kompüterinin lazım olduğunu təyin etməyə çalışıblar. Məlum olub ki, bitcoini hack etmək üçün mövcud olan kvant kompüterlərindən milyon dəfə daha irimiqyaslı kompüter lazımdır. Bitcoin şəbəkəsinin təhlükəsizliyi SHA-256 adlı kriptoqrafik alqoritm vasitəsilə təmin edilir. Sözügedən alqoritm ABŞ Milli Təhlükəsizlik Agentliyi tərəfindən yaradılıb. Bu qorunma üsulu çox sadə ideyaya əsaslanır. İdeya isə ondan ibarətdir ki, müasir kompüterlər həmin alqoritmi tez bir zamanda hack edə bilməzlər.
        Buna görə də bu məsələdə kvant kompüterlərii daha çox şansa sahibdirlər. Sasseks Universitetinin alimləri bitcoinin hack edilməsi üçün hansı sayda kubitin (kvant kompüterində ən kiçik informasiya vahidi) lazım olduğunu təyin etməyə çalışıblar. Bitcoinin hər bir tranzaksiyası şəbəkədə olan maynerlər tərəfindən təsdiqlənir. Təsdiqdən sonra isə tranzaksiya blockchain-ə (rəqəmsal aktivlərin mülkiyyət reyestri) əlavə edilir. Təsdiq prosesi zamanı hər bir tranzaksiyaya kriptoqrafik açar təyin edilir. Məhz həmin kriptoqrafik açarın hack edilməsi sayəsində bu və ya digər hacker müəyyən sayda bitcoinə sahib ola bilər.
        Alimlərin hesablamalarına əsasən bitcoin açarının 10 dəqiqəyə hack edilməsi üçün 1.9 milyard kubitə sahib kvant kompüteri lazım olardı. Hack prosesinin 1 saata reallaşdırılması üçün 317 milyon kubitli, 1 sutkaya reallaşdırılması üçün isə 13 milyon kubitli kvant kompüteri lazımdır. Beləliklə bitcoin sahibləri hələ ki, ciddi narahatçılıq keçirtməyə bilərlər. Keçən  ilin noyabr ayında IBM şirkəti 127 kubitə sahib Eagle adlı kvant kompüterini yaratdığını elan etmişdi. Almaniyada isə 5000 kubitə sahib kvant kompüteri istifadəyə verilib. Alimlər əmindirlər ki, çox güclü kvant kompüterlər 10 ildən tez bir müddətdə istifadəyə verilməyəcəklər.
    Linki kopyala