Logo
    main-post-cover

    Alimlər bu günə qədər məlum olan ən qədim mavi gözlü insanı kəşf ediblər!

    Elm & Texnologiya
    25.12.2024
    Farid

         Arxeoloqlar İtaliyanın Monopoli bölgəsindəki Grotta delle Mura mağarasında tapılan 17 min illik uşaq qalıqlarında bu günə qədər məlum olan mavi gözlərin ən qədim izlərini tapıblar.

         Arxeoloji tapıntılara əsasən, uşaq hələ 18 aylıq olmadan dünyasını dəyişib. Təxminən 82 santimetr uzunluğunda olan skeletinin və dişlərinin üzərində aparılan analizlər onu göstərir ki, uşaq həm doğularkən, həm də həyatının hər dövründə fiziki stressə məruz qalıb. Bundan əlavə, uşağın qalınlaşmış ürək əzələləri ilə əlaqələndirilən anadangəlmə ürək xəstəliyi olan "hypertrophic cardiomyopathy"ə sahib olduğu ehtimal edilir. Florensiya Universitetindən molekulyar antropoloq Alessandra Modi, genetik analizlərin uşağın valideynlərinin çox güman ki, birinci dərəcəli əmiuşağı olduğunu göstərdiyini bildirir. Belə bir ailə bağının Paleolit dövründə nadir, lakin Neolit dövründə daha yayğın olduğu məlumdur.
          Əvvəlki bilinən ən qədim mavi gözlü fərd, Ripari Villabruna mağarasında tapılmış və 14 min il əvvələ aid olan Villabruna insanı idi. Genetik analizlər onu göstərir ki, 17 min il əvvəl yaşamış bu uşaq, Villabruna insanının əcdadlarından biri ola bilər. Mavi gözlər, OCA2 genindəki bir mutasiya nəticəsində yaranır. Araşdırmalar bu mutasiyanın Avropada 6-10 min il əvvəl ortaya çıxdığını və hazırda Avropa əhalisinin təxminən 40%-də müşahidə edildiyini göstərir. Bu yeni kəşf, mavi gözlərin mənşəyi haqqında mühüm bir məlumat təqdim edib.
    Paylaş