Alimlər nizamsız yuxu ilə depressiya və narahatlıq arasında əlaqə tapıblar
Elm & Texnologiya
15.11.2026
Kaliforniya Universitetinin San Fransisko və San Dieqo bölmələrində çalışan alimlər yuxu rejimi ilə psixi sağlamlıq arasında əlaqə tapıblar. Araşdırmaya görə, hər gün fərqli saatlarda yatıb oyanan insanlarda depressiya, narahatlıq və tənhalıq əlamətləri daha ağır ola bilər. Nəticələr “Scientific Reports” jurnalında dərc olunub. Alimlərin fikrincə, ağıllı saat və üzük kimi taxılan cihazlar bu dəyişiklikləri izləməyə kömək edə bilər.
Araşdırma 23 mindən çox iştirakçının məlumatları əsasında aparılıb. Orta yaşı 46 olan iştirakçıların hər biri təxminən 154 gün ağıllı üzük taxıb. Üzük bədəndəki göstəriciləri və hərəkətləri ölçərək onların nə vaxt yatıb oyandığını müəyyən edib. Toplanan məlumatlara əsasən, yuxu rejiminin nə qədər sabit olduğunu göstərən 0-dan 100-dək bal hesablanıb. Bal yüksəldikcə rejim daha sabit sayılıb. İştirakçılar hər ay tənhalıq, narahatlıq və depressiya ilə bağlı sualları da cavablandırıblar.
Depressiya əlaməti olmayan və ya bu əlamətləri çox az hiss edən iştirakçıların orta nəticəsi 84 bal olub. Yüngül əlamətləri olanlarda göstərici 83, orta səviyyədə 81, ağır əlamətlərdə 75 baladək düşüb. 84 bal insanların yatmaq və oyanmaq saatlarının gündən-günə təxminən 1 saat dəyişdiyini göstərir. 75 balda bu fərq 1,5 saata yaxınlaşıb. Ağır narahatlıq yaşayanların orta nəticəsi 79 bal, normal səviyyədə narahatlığı olanların göstəricisi 84 bal olub.
Tənhalıqla bağlı nəticələr də oxşar olub. Ancaq araşdırma nizamsız yuxunun psixi sağlamlıq problemlərinə səbəb olduğunu sübut etmir. Belə yuxu rejimi problemin əlaməti ola bilər. Əvvəlki araşdırmalar isə nizamsız yuxunun problemdən əvvəl başlayaraq vəziyyəti ağırlaşdıra biləcəyini göstərir. Hazırkı araşdırmada sabit yuxu rejiminin depressiya və narahatlığı azaldıb-azaltmadığı ayrıca yoxlanılmayıb.
Müasir ağıllı saatlar və üzüklər yuxunun nə qədər davam etdiyini, mərhələlərini və yatmaq vaxtını izləyə bilir. Mobil tətbiqlərdə yatmaq və oyanmaq saatları üçün xatırlatma qurmaq da olur. Bu, yuxu rejimini qorumağa kömək edə bilər. “Apple” və “Samsung” istehsalı olan bəzi ağıllı saatlar yuxu apnesinin, yəni insanın yuxuda nəfəsinin dayanmasının əlamətlərini də müəyyənləşdirə bilir. Alimlər bu cihazları tibbi diaqnoz qoyan alət deyil, gündəlik vərdişləri izləyən köməkçi kimi qiymətləndirirlər. Depressiya və ya narahatlıq əlamətləri yaşayanlara mütəxəssisə müraciət etmək tövsiyə olunur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar