Almaniyada bir startap 2 litr su ilə 3 günlük elektrik enerjisini qarşılaya biləcək hidrogen generatoru hazırlayıb!
Elm & Texnologiya
13.05.2024
Aslan
Almaniyada bir startap cəmi 2 litr su ilə elektrik enerjisi istehsal edərək evinizi bir neçə gün işıqlandıra bilən yaşıl hidrogen generatoru hazırlayıb. Bu cihaz demək olar ki, pulsuz şəkildə, yalnız sudan istifadə edərək və bunu edərkən ətraf mühitə heç bir zərər vermədən evinizin enerji ehtiyacını qarşılamağa imkan verir.
Layihənin arxasında iqlim dəyişikliyindən təsirlənən Cənubi Sakit okean adalarında doğulmuş Vaitea Cowan adlı bir sahibkar dayanır. Cowan, istehsal etdiyi texnologiya ilə dizel generatorlarını əvəz etmək və çirklənmədən azad bir alternativ təklif etmək üçün bu yola çıxaraq bəşəriyyətin təbii yanacaqlardan asılılığına son verə biləcək bir addım atıb. Onun Enapter adlı şirkəti, bu texnologiyanı dünyanın 33 ölkəsində və 100-dən çox layihəsində tətbiq edib. AEM elektrolizatoru adlanan texnologiya bərpa olunan elektrik enerjisini emissiyasız hidrogen qazına çevirir. Hidrogen qazı nəqliyyat vasitələrinə, elektrik sənayesinə və hətta evlərə istilik gətirmək üçün yeni üsul kimi təsvir edilir.
Bilməyənlər üçün isə qeyd edək ki, yaşıl hidrogen bərpa olunan enerji mənbələrindən istifadə etməklə suyun elektrolizi yolu ilə əldə edilir. Bu proses zamanı su molekulları hidrogen və oksigenə ayrılır. Elektroliz hidrogen istehsalının əsasını təşkil edir. Beləliklə, Enapter şirkəti bu prosesi daha səmərəli və qənaətcil etməklə evlərimizə yaşıl hidrogeni gətirməyi bacarıb. Əlavə olaraq, bunun yaxşı tərəfi də odur ki, bu texnologiya yüksək qiymətli və aşağı effektiv deyil, yəni evlərimizdə asanlıqla istifadə oluna bilər.
Bu nailiyyətləri ilə Enapter, hətta Şahzadə William-ın "İqlimimizi düzəldin" kateqoriyasındakı Earthshot Mükafatını qazanıb. Artıq sanitar qovşaqları təmizlədikdə istifadə etdiyimiz suyun yarısı ilə evimizi bir neçə gün işıqlandıra biləcəyik. Bu həm cibiniz, həm də planetimiz üçün yaxşı xəbərdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar