main-post-cover

    Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıblar

    Elm & Texnologiya
    23.11.2021
    Emil Nəcəfov
        Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar. Həmin cihazlar isan sümüyünə inteqrasiya olunmaq və insan toxumalarının vəziyyətlərini analiz etmək üçün nəzərdə tutulublar. Yaradılmış mikrokompüterlər uzun müddət ərzində insan orqanizmində qala bilərlər. Belə ki, onlar məlumatların ötürülməsi üçün fərdi enerji mənbəyinə ehtiyac duymurlar. Sümük implantlarından əldə olunan məlumatlar sayəsində müxtəlif insanlar üçün individual ortopedik yardım təqdim etmək olar. Məsələn yığılmış məlumatlar əsasında müxtəlif növ travmalardan sonra pasientlərin reabilitasiya proseslərini sürətləndirmək olar. Tədqiqatçılar tərəfindən yaradılmış bu implant növünün insanlar üzərində testləri hələ reallaşdırılmasa da, gələcəkdə sümüklərə inteqrasiya ediləcək mikrokompüterlər insan səhhətini müşahidə etməkdən əlavə olaraq onu yaxşılaşdırmağa imkan verəcək.
        Tədqiqatçıların sözlərinə əsasən sümüklərdə mikrokompüterlərin olması öz növbəsində dayaq və hərəkət sistemi barəsində dəqiq məlumatların ötürülməsinə imkan verən tədqiqat alətlərini yaratmağa və yığılmış məlumatları profilaktikada, terapiyada və reabilitasiyada istifadə etməyə şərait yaradır. Əzələlər sümüklərə sıx şəkildə birləşik və daimi hərəkətdə olduqlarına görə cihazın maksimal dərəcədə nazik olması çox vacibdir. Tədqiqatçıların yaratdıqları mikrokompüter isə kağız kimi nazikdir və onun ölçüsü kiçik qəpik ölçüsünə bərabərdir. Bununla belə sözügedən mikrokompüterin formasını sümüyün formasına uyğun deformasiya etmək mümkündür. Yaradılmış mikrokompüter batareya enerjisi tələb etmir.
        Xarici elektronik cihazlarla qarşılıqlı əlaqədə olmaq üçün NFC çipə bənzəyən texnologiyadan istifadə edilir. Sümüklərin xarici layları dərinin xarici layları kimi yenilənmək özəlliyinə sahibdirlər. Buna görə də bu cür cihazın toxumalara ənənəvi bərkidilmə üsulları işə yaramır. Hətta xüsusi kleyin istifadəsi halında da bir neçə aydan sonra orqanizm cihazı rədd edəcək. Bu problemi həll etmək üçün tədqiqatçılar xüsusi kley hazırlayıblar. Hazırlanmış kleyin tərkibində isə sümük hüceyrələrinə bənzər struktura sahib kalsium hüceyrələri mövcuddur. Bunun sayəsində sümük mikrokompüteri öz ayrılmaz hissəsi kimi qəbul edir.
        Nəticədə bu üsul sümük ilə daimi əlaqənin yaradılmasına və uzun müddət ərzində müxtəlif analizlərin aparılmasına şərait yaradır. Məsələn həkim sözügedən mikrokompüteri sınmış və ya çatlamış sümüyə birləşdirə bilər. Bunun sayəsində o, müalicə prosesinin necə getdiyini dəqiq şəkildə izləyə biləcək. Bu, osteoparoz kimi diaqnoza sahib insanlar üçün çox faydalıdır. Belə ki, bu cür xəstəliyə sahib insanların sümüklərində təkrar zədələnmələr baş verir. Sümüyün necə tez və yaxşı bərpa olunduğunu bilmək isə optimal müalicə üsulunu təyin etməyə imkan verir 
    Linki kopyala