main-post-cover

    Android Q'də nə kimi yeniliklər olacaq?

    Elm & Texnologiya
    10.05.2019
    Farid Pardashunas
        Google şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş I/O 2019 tədbiri çərçivəsində rəsmi olaraq Android Q əməliyyat sistemini təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Baxmayaraq ki, yeni Android əməliyyat sisteminin adı hələki sirr olaraq saxlanılır, tədbir çərçivəsində yeni Android versiyasında istifadəçiləri hansı yeniliklərin gözləyəcəyi barəsində məlumat verilib.

        Android 10-da Live Caption adlı funksiya istifadəyə veriləcək. Bu funksiya sayəsində real zaman ərzində istənilən audio faylını mətn formatına çevirmək mümkün olacaq. Bunun sayəsində videoları səssiz şəkildə izləmək mümkün olacaq. Lakin bu funksiya daha çox zəif görən istifadəçilər üçün əlverişli olacaq. Maraqlısı ondadır ki, audio faylın mətn formatına çevrilməsi birbaşa smartfonun özündə reallaşdırılır. Yəni bunun üçün internetə qoşulmaq lazım deyil.

        Bundan əlavə olaraq şirkət Smart Reply funksiyasını da təqdim edib. Onun sayəsində bildiriş panelində mesajlar üçün nəzərdə tutulmuş sürətli cavablar məsələhət görüləcək. Bununla yanaşı bildirişlərdə tətbiqlər əsasında məsləhətlər də ortaya çıxacaq. Məsələn istifadəçiyə gəlmiş mesajda hansısa ünvan qeyd edilibsə onda sistem həmin ünvanın xəritədə axtarılmasını təklif edəcək.

        Android Q-nün ən çox gözlənilən özəlliklərindən biri də Dark Theme rejiminin dəstəklənməsidir. Yeni Android versiyasında bu özəllik reallaşdırılacaq. Həmin funksiyanı aktiv edəndən sonra Android sistemi Dark Theme rejiminə keçid edəcək və beləliklə OLED ekranlı cihazlarda enerji sərfiyyatını aşağı salmaq mümkün olacaq.

        Yeni əməliyyat sistemində Google şirkəti konfidensiallığa böyük diqqət ayırıb. Ayarlar menyusunda bununla bağlı xüsusi bölmə olacaq. Həmin bölmə vasitəsilə istifadəçi məlumatların konfidensiallığı ilə bağlı bütün funksiyaları tapa biləcək. Əgər hansısa tətbiq istifadəçidən onun yerləşdiyi yer barəsində məlumatların təqdim edilməsini tələb etsə, istifadəçi həmin məlumatların hər zaman təqdim olunmasını və ya həmin məlumatların yalnız tətbiqdən istifadə zamanı təqdim olunmasını seçə bilər.

        Bu isə o deməkdir ki, proqram təminatı istifadəçini onun xəbəri olmadan fon rejimində izləyə bilməyəcək. Android Q-dən başlayaraq təhlükəsizlik üzrə yenilənmələr fon rejimində yüklənəcəklər. Yəni bunun üçün cihazı yenidən işə salmağa ehtiyac qalmayacaq. Bu funksiyanın çoxlu sayda smartfonlarda işləməsi üçün Google şirkəti cihaz istehsalçıları ilə əməkdaşlıq edəcək. Həmin yenilənmələr birbaşa Google Play vasitəsilə yayılacaqlar.

        Həmçinin Android Q-yə Focus Mode adlı funksiya da əlavə olunacaq. Həmin funksiya istifadəçinin diqqətini ayıran tətbiqlərin deaktiv edilməsinə şərait yaradacaq. İstifadəçi həmin tətbiqləri özü seçməli olacaq. Android Q-nün digər özəllikləri sırasında 5G şəbəkə dəstəyi, Galaxy Fold kimi qatlana bilən smartfonların dəstəyi, yenilənmiş idarəetmə jestləri v s. var. Yeni əməliyyat sisteminin yayılmasını sürətləndirmək üçün Google şirkəti smartfon istehsalçıları ilə əməkdaşlıq etməyə davam edir.

        Bu il şirkət 13 məşhur brendin dəstəyini alıb. Yaxın vaxtda həmin brendlərin cihazlarında Android Q-nün üçüncü beta versiyası aktivləşdiriləcək. Test mərhələsində 21 smartfon modelinin istifadəçiləri iştirak edə biləcəklər: Pixel Pixel XL, Pixel 2Pixel 2 XL, Pixel 3Pixel 3 XL, Pixel 3a Pixel 3a XL, ASUS ZenFone 5Z, Essential Phone, Nokia 8.1, Huawei Mate 20 Pro, LG G8 ThinQ, OnePlus 6OnePlus 6T, OPPO Reno, Realme 3 Pro, Xperia XZ3, Tecno Spark 3Pro, Vivo X27, Vivo NEX S, Vivo NEX A, Xiaomi Mi Mix 3 5G, Xiaomi Mi9. Android Q-ünün beta versiyasını şirkətin rəsmi saytında beta-test proqramı çərçivəsində qeydiyyatdan keçərək yükləmək olar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər