main-post-cover

    Android smartfonlara heç cür silinməyən Xhelper adlı virus yoluxur

    Elm & Texnologiya
    31.10.2019
    Emil Nəcəfov
        Symantec şirkətinin mütəxəssisləri Android cihazlarını yüksək temp ilə yoluxduran Xhelper adlı yeni zərərli proqram təminatından xəbər veriblər. İlk dəfə sözügedən virus bu ilin mart ayında aşkar edilmişdi və həmin vaxtdan bəri o, sürətli şəkildə yayılıb. Bu barədə Gagadget saytı xəbər verib. Bu virusun yoluxma mənbələri arasında redirektlər və Android istifadəçilərini tətbiqlərdən ibarət səhifələrə yönləndirən şübhəli saytlar var. İşə salınandan sonra bu zərərli proqram təminatı özünü əsas xidmət funksiyası kimi qeydiyyatdan keçirdir.
        Bu üsul ilə o, cihaz daxilində yaddaşın çatışmazlığı halında deaktiv olunma riskini azaldır. Xhelper adlı virusun məqsədi çox sadədir: O, istifadəçiyə çoxlu sayda reklam elanı və spam göndərir. Həmin reklam elanları və spamlar isə istifadəçini Google Play-ə yənləndirərək müxtəlif tətbiqlərin yüklənməsini təklif edirlər. Hər bir yüklənmədən Xhelper tərtibatçıları faiz əldə edirlər. Mütəxəssislərin hesablamalarına əsasən bu virus artıq 45.000 smartfona yoluxub və hər ay bu göstəriciyə 2400 ədəd cihaz əlavə olunur.
        Maraqlısı ondadır ki, Xhelper-i smartfondan silmək qeyri mümkündür. Belə ki, o özünü ayrıca avtonom xidmət kimi quraşdırır. Hətta əməliyyat sisteminin ayarlarında silinmə və cihazın ilkin əməliyyat sistemi ayarlarına qaytarılması da kömək etmir. Hələ ki, bu virusun yayılma kanallarını aşkar etmək mümkün olmayıb. Lakin məlum olub ki, Xhelper yalnız müəyyən markalı smartfonlara yoluxur. Söhbətin hansı smartfon modellərindən getdiyi barəsində isə məlumat verilməyib. 
    Linki kopyala