main-post-cover

    Apple AirDrop texnologiyasının Google-dan olan analoqunun videosu ortaya çıxıb (VİDEO)

    Elm & Texnologiya
    25.01.2020
    Emil Nəcəfov
        Son aylarda internetdə Android əməliyyat sistemli smartfonlar arasında faylların ötürülməsi funksiyasının ortaya çıxacağı barəsində məlumatlar gəzirdi. Həmin vaxtlarda sözügedən texnologiya sadəcə sözdə təsvir edilirdi. Lakin indi XDA-Developers saytının istifadəçilərinin aşkar etdikləri video sayəsində sözügedən texnologiyanın Android əməliyyat sistemində necə çalışdığını görmək olar. Bu barədə 9to5google saytı xəbər verib. İlk öncə Google şirkəti sözügedən texnologiyanı Fast Share adlandırmaq istəyirdi. Lakin məlumata əsasən şirkət nəticədə onu Nearby Sharing adlandırdı.
        Təqdim edilmiş videodan da görmək olar ki, sözügedən funksiyanın ayarlarında cihazın adının qeyd olunması, cihazın görülməsinin aktiv və deaktiv edilməsi və faylların hansı üsulla ötürülməsinin seçilməsi var. İki cihaz arasındakı fayl ötürülməsini Wi-Fi, mobil şəbəkə və ya internetsiz əlaqə ilə reallaşdırmaq olar. İki cihaz arasındakı ilkin bağlantının qurulması üçün Bluetooth-dan istifadə edilir.
        Faylların özləri isə bir qayda olaraq Wi-Fi vasitəsilə ötürülürlər. Əlavə olaraq Google şirkəti bu funksiyanın iş prosesində smartfonlardakı GPS moduldan da istifadə edir. Bu onun üçün edilir ki, iki cihaz arasındakı məsafə düzgün şəkildə təyin edilsin. Cihazlar arasındakı məsafə 30 sm-dən çox olmamalıdır. Lakin tərtibatçıların verdikləri məlumata əsasən bu texnologiya daha uzaq məsafələrdə də çalışa bilər.
        Qeyd etmək lazımdır ki, bu cür funksiya artıq Huawei Honor smartfonlarında aktivdir. Cihazlar arasında faylların sürətli ötürülməsi texnologiyasını həmçinin OPPO, Vivo Xiaomi şirkətləri də yaradıblar. Son məlumat sızıntısına əsasən isə Samsung şirkəti gələn ay təqdim ediləcək Galaxy S20 smartfon seriyasından başlayaraq öz smartfonları üçün Quick Share adlı fayl mübadiləsi texnologiyasını istifadəyə verəcək.
    Linki kopyala