
Apple böyük ölçülü ekrana sahib yeni iPad Pro üzərində çalışır
Elm & Texnologiya
28.04.2023
Emil
İnsayderlərin vermiş olduqları yeni məlumatlara əsasən Apple şirkəti 11 və 12.9 düym ekranlı yeni iPad Pro ilə yanaşı həmçinin 14.1 düym ekrana sahib iPad Pro-nu da təqdim etməyi planlaşdırır. Həmin planşet üçün isə iPadOS 17-nin xüsusi versiyası təqdim olunacaq. 14.1 düym ekranlı iPad Pro üçün iPadOS 17-nin istifadəyə veriləcək xüsusi versiyasında indiyənə kimi heç bir iPad modelində reallaşdırılmamış funksiyalar mövcud olacaq. İnsayderlər bildiriblər ki, iPadOS 17 əsasən M3 Pro prosessoru vasitəsilə çalışacaq flaqman iPad modelləri üçün nəzərdə tutulacaq.
Məlumatda qeyd edilib ki, iPadOS 17-nin əsas fərqləndirici özəlliyi Thunderbolt 4 vasitəsilə qoşulmuş 60 Hz-lik təsvir yenilənməsinə sahib 6K keyfiyyətli iki ədəd xarici monitorla çalışmaq imkanı olacaq. Bunu iki variantdan biri çərçivəsində reallaşdırmaq olar. Ya həmin monitorlar iPad Pro-ya ardıcıl şəkildə qoşulacaq, ya da planşetin gövdəsində iki ədəd müvafiq giriş mövcud olacaq. Gözləntilərə əsasən 14.1 düym ekrana sahib iPad Pro planşetinin ekranı OLED texnologiyası əsasında hazırlanacaq. Sözügedən iPad modelinin ümumiyyətlə iPad Pro adlanacağı da dəqiq deyil. Heç istisna deyil ki, həmin iPad nəticədə iPad Ultra adını əldə etsin.
Paylaş
Bənzər xəbərlər