Logo
    Apple Formula 1 yayımı üçün iPhone Pro telefonları ilə görüntülər çəkib

    Apple Formula 1 yayımı üçün iPhone Pro telefonları ilə görüntülər çəkib

        “Apple” Las Veqas Qran Prisinin canlı yayımında “iPhone Pro” telefonlarından istifadə edib. Yarış görüntülərinin bir hissəsi bu telefonlarla çəkilib və “T-Mobile”ın 5G şəbəkəsi üzərindən real vaxtda ötürülüb. Telefonlar əsas kameraları əvəz etməyib, sadəcə yayım üçün əlavə görüntülər çəkib.
        “Apple” bir neçə ildir təqdimat və reklam videolarını “iPhone Pro” modelləri ilə çəkir. Şirkət bu çəkilişlərdə telefonlara peşəkar obyektiv, görüntüləri saxlamaq üçün SSD yaddaş qurğusu və yayım avadanlığı qoşur. Mayda bu telefonlarla futbol, sentyabrda isə beysbol matçının yayımı üçün görüntülər çəkilib. Beysbol matçında əsas kameralarla yanaşı 14 telefon işlədilib və onlardan 10-u 5G şəbəkəsinə qoşulub.
        Təxminən 6,3 km uzunluğundakı yarış trası şəhərin mərkəzindən və iri hotellərin yerləşdiyi məşhur Las Veqas bulvarından keçir. “Apple TV”nin canlı idman yayımları üzrə icraçı prodüseri Royce Dickersonun sözlərinə görə, yarışın miqyası böyük olduğundan telefonları yayım sisteminə qoşmaq beysbol matçındakından daha çətin olub. Təşkilatçıların başqa kamera tərəfdaşları ilə müqavilələri var. Buna görə trasın ətrafında neçə telefonun işlədildiyi və kameraların dəqiq harada qurulduğu açıqlanmayıb.
        “Sphere” əyləncə kompleksində “T-Mobile” müştəriləri üçün ayrılmış zonada ən azı 10 “iPhone” kamerası işlədilib. Bu kameralar yarış proqramındakı fasilələrdə konsertlərin keçirildiyi səhnəni çəkib. “Formula 1”in yayım əməliyyatları üzrə rəhbəri Dean Locke-un sözlərinə görə, görüntülər 5G ilə ötürüldüyü üçün yayım heyəti trasla yanaşı konsertləri və digər tədbirləri də göstərə bilir.
        Yarış görüntülərinin “Vision Pro” üçün həcmli video formatında çəkilib-çəkilmədiyi məlum deyil. Bu formatda çəkilən videoya uyğun başlıqla baxanda görüntüdə dərinlik hiss olunur. Royce Dickerson bu barədə açıqlama verməyib. İzləyicilərin yarış görüntülərinə həmin formatda baxa bilib-bilməyəcəyi də hələ məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...