main-post-cover

    Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə qarşılaşıb

    Elm & Texnologiya
    16.01.2022
    Emil Nəcəfov
        İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + VR) cihazı üzərində çalışır. Lakin görünür, şirkət sözügedən yeni məhsulun hazırlanması üzrə bəzi problemlər ilə qarşılaşıb və həmin problemlər cihazın satışa çıxma müddətinə təsir göstərə bilərlər. Bloomberg saytı Apple şirkətinin planları barəsində məlumatlı olan şəxslərə istinadən bildirib ki, Apple daha öncə qarışıq reallıq cihazını 2021-ci ildə təqdim etməyi planlaşdırırdı. Lakin daha sonra şirkət təqdimatı bu ilin iyun ayında keçiriləcək WWDC 2022 konfransına kimi təxirə salmağa qərar verdi. İndi isə yeni məlumat əsasən qarışıq reallıq cihazının WWDC 2022-də təqdim olunma məsələsi sual altındadır.
        Məsələ burasındadır ki, şirkət qarışıq reallıq cihazı ilə bağlı bəzi problemlərlə qarşılaşıb. Belə ki, hazırlanan cihazda qızma, kameraların çalışmaları və proqram təminatı ilə bağlı problemlər mövcuddur. Qeyd etmək lazımdır ki, son məlumatlara əsasən Apple şirkətinin qarışıq reallıq cihazı 2 ədəd prosessor ilə təchiz olunacaq və onların biri Apple M1 prosessorunun sərgilədiyi performans səviyyəsinə sahib olacaq. Güman olunur ki, məhz həmin prosessor səbəbilə qarışıq reallıq cihazında qızma problemi mövcuddur.
        Məlumata əsasən sözügedən layihənin ilkin mərhələlərində yüksək temperatur problemini fərqli üsul vsitəsilə həll etmək təklif edilmişdi. Belə ki, həmin təklifə əsasən yüksək temperatur problemini həll etmək üçün xarici prosessor cihazından istifadə etmək olardı. Həmin xarici cihaz qarışıq reallıq cihazına məlumatları naqilsiz şəbəkə üzərindən ötürməli idi. Lakin həmin vaxtda Apple şirkətinin dizayn üzrə baş direktoru olmuş Jony Ive bu cür ideyadan imtina etmişdi. Beləliklə bu cür problemlər səbəbilə şirkət cihazın təqdimatını bu lin sonuna və ya gələn ilin əvvəlinə kimi təxirə sala bilər.
    Linki kopyala