Logo
    main-post-cover

    Apple şirkətinin ilk qarışıq reallıq cihazı ilk növbədə idman və oyunlar üçün nəzərdə tutulacaq

        Apple şirkəti ilk qarışıq reallıq cihazını (AR + VR / Mixed Reality) iyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində təqdim edə bilər. Sözügedən cihaz barəsində ilk məlumatlar hələ bir neçə il bundan öncə çıxmışdı. Lakin məhz indi MR cihazın ilk növbədə nə üçün lazım olacağı məlum olub. Bloomberg saytının verdiyi məlumata əsasən Apple öz MR cihazını ilk növbədə idman və oyunlar üçün nəzərdə tutulmuş cihaz kimi qələmə verəcək. Apple hal hazırda MR cihaz üçün maraqlı tətbiqlərin hazırlanması üzərində aktiv şəkildə çalışır. Hazırlanan tətbiqlər istifadəçiləri Apple üçün tamamilə yeni olan bu cihazı əldə etməyə sövq etmək üçün nəzərdə tutulub.
        Məlumatda qeyd edilib ki, şirkət əsas diqqətini idmanla məşğul olmaq üçün nəzərdə tutulmuş Fitness+ adlı tətbiqə ayıracaq. MR cihaz istifadəçilərə virtual məşqçini izləyərək məşq etmək imkanını verəcək. Lakin bu cür cihazdan istifadə prosesi zamanı idmanla məşğul olmağın nə dərəcədə komfortlu olacağı bilinmir. Bundan əlavə olaraq şirkət Health adlı tətbiq üzərində çalışır. Onun vasitəsilə istifadəçilər qrafik və səs tərtibatı sayəsində meditasiya edə biləcəklər.
        Digər tərəfdən meditasiya zamanı hansısa qrafik tərtibatın nəyə görə lazım olduğu da tam aydın deyil. Məlumata əsasən Apple MR cihaz üçün həmçinin xüsusi televiziya tətbiqi üzərində çalışır və istifadəçilər onun vasitəsilə VR rejimdə videolar izləyə biləcəklər. FaceTime tətbiqi MR cihaz üçün xüsusi versiyasını əldə edəcək və o, Memoji tərzində olan avatarların dəstəyini əldə edəcək. Həmçinin VR rejim üçün adaptasiya edilmiş kitablar da istifadəçilərə təqdim ediləcək. Oyunlar mövzusunda isə hər şey aydındır. MR cihazda standart VR oyunları oynamaq mümkün olacaq.
    Paylaş
    Bənzər xəbərlər