main-post-cover

    Apple şirkətinin tamamilə yeni aksessuarı barəsində məlumatlar ortaya çıxıb

    Elm & Texnologiya
    02.09.2019
    Emil Nəcəfov
        Apple şirkətnin sentyabr təqdimatına az qalmış internetdə şirkətin tamamilə yeni aksessuarı barəsində məlumatlar ortaya çıxdı. Həmin aksessuar iPhone 11 ilə birlikdə təqdim olunacaq. Sözügedən aksessuar isə müxtəlif əşyaların və cihazların tapılması üçün nəzərdə tutulacaq. Bu barədə Mydrivers saytı xəbər verib. Məlumata əsasən məhsul Apple Tag adını əldə edəcək və bu, Bluetooth modula sahib kiçik brelok olacaq. İstifadəçilər bu breloku istədikləri əşyaya və ya cihaza bərkidərək iOS üçün olan xüsusi tətbiq vasitəsilə breloku birləşdirdikləri əşyanın və ya cihazın yerini izləyə biləcəklər.
        Brelok isə öz növbəsində yerləşdiyi yer barəsində məlumatı avtomatik olaraq təyin edəcək və ən son şəbəkə əlaqəsi vasitəsilə təyin edilmiş geolokasiya nöqtəsini təqdim edəcək. İstifadəçi istədiyi halda breloku uzaqdan aktivləşdirə biləcək ki, həmin brelok kəsintisiz səs siqnalını ötürsün. Bu halda brelokun bərkidildiyi əşyanı və ya cihazı tapmaq daha rahat olacaq. Məlumata əsasən itmiş əşyaları bu brelok vasitəsilə tapmaq üçün istifadəçilər artırılmış reallıq texnologiyasından da istifadə edə biləcəklər. Bu halda smartfon ekranında axtarışın hansı istiqamətdə aparılmasının lazım olduğunu əks etdirəcək ox şəkli ortaya çıxacaq.
        Bundan əlavə olaraq xüsusi rejim vasitəsilə itirilmiş əşyanın axtarılmasına digər iPhone istifadəçilərini də cəlb etmək mümkün olcaq. Bu zaman axtarışa brelokun siqnal əhatəsində olan istifadəçilər cəlb olunacaqlar. Bununla belə digər iPhone istifadəçiləri əşyası itmiş şəxsin kontaktlarını əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Tag 1.1 texnologiyasının adının hallanması ilk dəfə iOS 13 əməliyyat sisteminin beta versiyasında aşkar edilmişdi. Heç istisna deyil ki, bu cür axtarış cihazları Apple şirkətinin ekosisteminə inteqrasiya olunacaqlar. 
    Linki kopyala