main-post-cover

    Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    14.09.2021
    Emil Nəcəfov
        Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series 7 smart saatını da təqdim edib. Yeni planşet modellərinə iPad mini  və iPad 9 daxil olublar. Gəlin iPad mini modelindən başlayaq. Apple maksimal dərəcədə iPad mini-ni yeniləməyə çalışıb. Sözügedən planşet nazik çərçivələrə sahib 8.3 düym Liquid Retina ekran ilə təchiz olnub. Ekranın daha çox sahəni əhatə etməsi üçün mühəndislər fiziki Home düyməsindən imtina ediblər.
        Bununla yanaşı onlar Touch ID texnologiyasını planşetin yandırıb/söndürmə düyməsinə inteqrasiya ediblər. Yeni iPad mini-nin prosessoru əvvəlki modelin prosessorundan 40%, GPU-su isə 80% daha güclüdür. İstifadəçilər öz aralarında daimi ünsiyyətdə olmaları üçün şirkət iPad mini-yə həmçinin 5G şəbəkə dəstəyini də əlavə edib. Planşet 64/256 GB daxili yaddaş həcminə sahibdir. Bununla yanaşı iPad mini f/1.8 diafraqmalı 12 MP-lik arxa kamera ilə təchiz olunub. Kameranın alt hissəsində isə işıqlandırma sistemi yerləşdirilib.
        Planşet arxa kamera vasitəsilə 4K UHD formatında videolar çəkə bilir. Planşetin ön kamerası da 12 MP-likdir. Onun tərkibinə 122 dərəcə bucaq təsvirli ultragenişbucaqlı obyektiv daxil olub. iPad Air modelində olduğu kimi iPad mini də USB girişə və stereo səsgücləndiricilərə sahibdir. Qeyd etmək lazımdır ki, iPad mini ikinci nəsil Apple Pencil stilusunun dəstəyini özündə birləşdirir. Planşet iPadOS 15 əməliyyat sistemi vasitəsilə çalışır. iPad mini 6 yaxın zamanda satışa çıxacaq. Onun satış qiymətləri aşağıdakı kimidir:
    - 64 GB yaddaş + Wi-Fi - 499$
    - 64 GB yaddaş + Wi-Fi + mobil şəbəkə dəstəyi - 649$
    - 256 GB yaddaş + Wi-Fi - 649$
    - 256 GB yaddaş + Wi-Fi + mobil şəbəkə dəstəyi - 799$.
        iPad 9 modelinə gəldikdə isə Apple şirkəti sözügedən planşeti ilk növbədə təhsil üçün nəzərdə tutulmuş cihaz kimi qələmə verir. iPad 9 modeli əvvəlki modelin dizaynını özündə qoruyub saxlayıb. Belə ki, o, əvvəlki model kimi qalın ekran çərçivələrinə və fiziki Home düyməsinə sahibdir. Planşet 10.2 düym Retina ekran ilə təchiz olunub. Ekran həmçinin TrueTone texnologiyasını dəstəkləyir. Bu texnologiya ekranın parlaqlığını ətraf mühitdəki işıqlıq vəziyyətinə görə avtomatik olaraq ayarlayır.
        iPad 9 modeli iPhone 11-də istifadə olunan A13 Bionic prosessoruna sahibdir. Nəticədə iPad 9 modeli əvvəlki modeldən fərqli olaraq 20% daha yüksək performans sərgiləyir. Planşet həmçinin 122 dərəcə bucaq təsvirinə sahib ultragenişbucaqlı obyektivi özündə birləşdirən 12 MP-lik ön kameranı ilə təchiz olunub. iPad Pro-da olduğu kimi iPad 9-un kamerası Central Stage funksiyasını əldə edib.
        Video çəkilişi və ya videoçat zamanı kamera bu funksiya sayəsində istifadəçini kadrda təyin edərək ona fokuslanır. Planşetin arxa kamerası da 12 MP-likdir. Bundan əlavə olaraq iPad 9-un minimal daxili yaddaş həcmi 32 GB-dan 64 GB-a yüksəlib. iPad mini kimi iPad 9 da Apple Pencil 2 stilusunun dəstəyinə sahibdir. İnterfeys girişi qismində hələ də Lightning-dən istifadə olunur. iPad 9 modeli iPadOS 15 əməliyyat sistemi vasitəsilə çalışır. iPad 9 1 həftədən sonra satışa çıxacaq. Onun satış qiymətləri isə aşağıdakı kimidir:
    - 64 GB yaddaş + Wi-Fi - 329$
    - 64 GB yaddaş + Wi-Fi + mobil şəbəkə dəstəyi - 459$
    - 256 GB yaddaş + Wi-Fi - 479$
    - 256 GB yaddaş + Wi-Fi + mobil şəbəkə dəstəyi - 609$.
        İndi isə gələk Apple Watch Series 7-yə. Əvvəlki Apple Watch modellərindən fərqli olaraq yeni smart saat daha böyük ölçülü ekran, daha dairəvi kənar hissələr, dözümlü gövdə və tozdan qorunma özəlliyini əldə edib. Keçən ilki Watch Series 6 ilə müqayisədə Watch Series 7-nin ekran ölçüsü 20% böyüyüb. Smart saat 2 gövdə ölçüsündə təqdim olunub. Onlardan birinin ölçüsü 41 mm, digərinin ölçüsü isə 45 mm təşkil edir. 45 mm gövdə ölçüsünə sahib modelin ekranı 1.9 düym təşkil edir. Bunun hesabına smart saatın ekranında daha çox məlumat əks oluna bilir.
        Smart saatların ekranları Retina-dır və onlar 70% daha yüksək parlaqlığa sahibdirlər. Bununla yanaşı ekranlar Always on Display funksiyasını da dəstəkləyirlər. Qeyd etmək lazımdır ki, smart saatların sahib olduqları fiziki düymələrin də ölçüləri böyüyüblər. Saatlar IP6X standartı üzrə tozdan qorunma özəlliyini özlərində birləşdirirlər. Həmçinin USB Type-C vasitəsilə onların şarj sürətləri 33% yüksəlib. Apple şirkətinin məlumatına əsasən bir dəfə şarj olunandan sonra saatlar 18 saat ərzində çalışa bilirlər. 80% enerjini isə smart saatlar 45 dəqiqə ərzində yığırlar.
        Əvvəlki Apple Watch modellərində olduğu kimi Watch Series 7 də insan sağlamlığının monitorinqi üçün nəzərdə tutulmuş bütün funksiyalara sahibdir. Bura elektrokardioqrafiya monitorinqi, yuxu keyfiyyətinin və qandakı oksigen miqdarının təyini, istifadəçinin öz əllərini yuyub-yumamasının təyini və s. kimi faydalı özəlliklər daxildir. Bununla yanaşı Watch Series 7 standart olaraq müxtəlif idman məşqləri rejimlərini də əldə edib. Smart saat watchOS 8 əməliyyat sistemi vasitəsilə çalışır. Watch Series 7 bu ilin payız fəslində 399$-dan başlayan qiymətlə satışa çıxacaq.
    Linki kopyala