
Asteroid Yer kürəsinin yanından 426 km məsafədə keçib
Elm & Texnologiya
09.10.2025
Emil
Kosmik agentliklərin nümayəndələrinin verdikləri məlumata görə, kiçik bir asteroid Yer planetinin yanından çox yaxın məsafədən - əksər peyklərin orbit hündürlüyündən də alçaq məsafədən keçib. 2025 TF adlanan bu obyekt 1 oktyabr tarixində Antarktida üzərindən cəmi 426 kilometr məsafədə uçub ki, bu da Beynəlxalq Kosmik Stansiyanın orbit hündürlüyünə bərabərdir. Ən təəccüblüsü isə odur ki, astronomlar bu obyektin mövcudluğunu onun keçidindən yalnız bir neçə saat sonra aşkar ediblər. Asteroid ilk dəfə Catalina Sky Survey layihəsi tərəfindən qeydə alınıb, daha sonra yaxınlaşma faktı Avstraliyada yerləşən Las Cumbres Observatory teleskop şəbəkəsi vasitəsilə Avropa Kosmik Agentliyinin (ESA) mütəxəssisləri tərəfindən təsdiqlənib.

ESA-nın məlumatına görə, asteroidin ölçüsü 1 ilə 3 metr arasında dəyişir və o, Yer üçün ciddi təhlükə yaratmırdı. Lakin agentliyin qiymətləndirməsinə əsasən, əgər o, Yer atmosferinə daxil olsaydı, parlaq bolid hadisəsi yarada və səthə çatdığı halda meteoritə çevrilə bilərdi. ESA nümayəndələri qeyd ediblər ki, kosmosun sonsuz qaranlığında, hələ dəqiq mövqeyi müəyyən edilməmiş 1 metrlik obyektin aşkarlanması heyranedici nailiyyətdir. Onların sözlərinə görə, bu müşahidə asteroidin Yerə yaxınlaşma məsafəsini və vaxtını dəqiqləşdirməyə imkan verib.

NASA-nın məlumatına əsasən, 2025 TF asteroidinin Yerin yanından növbəti keçidi yalnız 2087-ci ilin aprel ayında gözlənilir. Maraqlıdır ki, bu hadisədən cəmi bir gün sonra - 2 oktyabrda - 2025 TQ2 adlı başqa kiçik bir asteroid Kanadanın üzərindən təxminən 4850 kilometr məsafədən keçib. Kosmik agentliklər Yerə yaxın minlərlə obyekti izləyir, lakin NASA-nın Near-Earth Object Studies Center-inin məlumatına görə, yalnız diametri 152 metrdən böyük olan və Yerə 7.5 milyon kilometrdən az məsafədə yaxınlaşan asteroidlər potensial təhlükəli hesab edilir. Həmin mərkəzin məlumatına görə, 23-28 sentyabr tarixləri arasında 10 asteroid Yerin yanından Ayın məsafəsindən daha yaxın keçib.
Paylaş