main-post-cover

    Avropa Komissiyasının vahid USB Type-C standartı layihəsi reallaşmaya bilər

    Elm & Texnologiya
    22.11.2021
    Emil Nəcəfov
        USB Implementers Forum adlı forumun rəhbəri Jeff Ravencraft heç gözlənilmədən Avropa Komissiyasının elektronik cihazlar üçün vahid USB Type-C girişi ideyasını tənqid edib. Qeyd etmək lazımdır ki, Avropa Komissiyası bütün elektronik cihazlar üçün vahid USB Type-C girişi qanun layihəsini qəbul etmək istəyir. Bir qayda olaraq bütün istehsalçılar bu qanun layihəsini qəbul etməlidirlər. Lakin məlum olub ki, bu məsələ ilə bağlı perspektivlər heç də müsbət deyillər. Jeff Ravencraft bildirib ki, bu qanun layihəsinin qəbulu öz növbəsində faydadan daha çox zərər gətirəcək. Məsələ burasındadır ki, Avropa Komissiyası bu məsələ ilə bağlı dokumentasiyasında iki standartı qeyd edib.
        Söhbət, EN IEC 6280-1-3:2021EN IEC 6280-1-2:2021 standartlarından gedir. Bu standartlar 2019-cu ildə ərsəyə gəliblər və bugünkü gündə artıq köhnəlmiş hesab edilirlər. Bu standartların yeni versiyası 2021-ci ildə təqdim olunub. Lakin qanunvericilər onu nəzərə almayıblar. Bu səbəbdən də Avropa Komissiyasının qəbul etmək istədiyi vahid standart yalnız 15 vatt göstəriciyə kimi olan şarj gücünü əhatə edir. Halbu ki, mövcud müasir standartlarda bu göstərici 240 vatt təşkil edir. Ravencraft-ın sözlərinə əsasən Avropa Komissiyası yeni standartı qanun layihəsinə əlavə etmək istəmir. Belə ki, Avropa Komissiyasının fikrincə bütün istehsalçılar öz məhsullarında bu standartın dəstəyini reallaşdıra bilməyəcəklər.
        Ravencraft bunu ciddi problem hesab edir. Onun fikrincə qanunvericilər texnoloji inkişafdan geri qalırlar və artıq köhnəlmiş hesab edilən standartı qəbul etmək niyyətindədirlər. Avropa Komissiyası bütün smartfonlar üçün vahid şarj standartı layihəsi üzərində sentyabr ayında çalışmağa başlayıb. Bu layihə bütün istehsalçıları öz smartfonlarında, planşetlərində, naqilsiz qulaqlıqlarında və s. məhsullarında USB Type-C girişini reallaşdırmağa məcbur edəcək. Qeyd etmək lazımdır ki, söhbət, Avropa Birliyinə daxil olan regionlarda satılacaq məhsullardan gedir.
    Linki kopyala