Logo
    main-post-cover

    Avropanın Ariane 6 adlı ağır raketi uğurlu şəkildə ilk uçuşuna göndərilib (VİDEO)

    Elm & Texnologiya
    10.07.2024
    Emil
         Avropanın Arianespace şirkəti Ariane 6 adlı ağır raketini bugün ilk uçuşuna uğurla göndərib. Bu uçuş missiyası Avropa Kosmik Agentliyi (EKA) üçün çox önəmlidir. Belə ki, o, EKA-ya kosmik uçuşlar mövzusunda müstəqilliyi geri qaytaracaq. İndiyənə kimi isə EKA kosmik uçuşlar mövzusunda ABŞ-ın SpaceX şirkətinə müraciət edirdi. Ariane 6 ağır raketi Fransa Qvianasında yerləşən Kuru adlı kosmodromdan start götürüb. Qeyd etmək lazımdır ki, bu uçuş missiyası Ariane 5 raketinin uçuşundan 1 il sonra yerinə yetirilib. Ariane 5-in istismardan çıxarılmasından sonra Avropa öz peyklərinin fərdi raketi vasitəsilə kosmosa göndərilməsi imkanından məhrum oldu və bu mövzuda SpaceX şirkətinə müraciət etmək məcburiyyətində qaldı.
         Ariane 6-ya gəldikdə isə onun uçuş prosesi 3 mərhələyə bölünüb. Birinci mərhələ çərçivəsində raket Vulcain 2.1 adlı əsas mühərrik və P120C adlı iki ədəd sürətləndirici blok hesabına kosmosa çatdı. Birinci mərhələ çərçivəsində həmçinin raketin birinci pilləsinin ayrılması və ikinci pilləsinin 300 km-dən 700 km-ə kimi yüksəklikdə elliptik formalı orbitə çıxışı təmin olundu. Raketin ikinci pilləsinin elliptik formalı orbitə çıxışından Vinci adlı mühərrik cavabdeh idi və o, Ariane 6-nın uçuş startından 18 dəqiqə sonra işə düşüb. EKA-nın vermiş olduğu məlumata əsaəsn uçuş missiyasının birinci mərhələsi uğurla yekunlaşıb. İkinci mərhələ çərçivəsində sözügedən raketin unikal özəlliyi test olunacaq. Söhbət, raketin ikinci pilləsinin mühərrikinin təkrar işə salınmasından gedir.
         EKA mütəxəssislərinin sözlərinə əsasən bu, çox qəliz prosesdir. Belə ki, raket daxilindəki yanacaq mikroqravitasiya vəziyyətində olacaq. Yanacağın yanacaq bakında düzgün vəziyyət alması üçün böyük olmayan köməkçi mühərrikin işə salınması planlaşdırılır. Həmin mühərrik raketə bir qədər sürətlənmə verməli və bunun sayəsində yanacaq bakındakı yanacağın vəziyyəti tarazlaşmalıdır. Bütün bu proseslərdən sonra raketin ikinci pilləsi 580 km yüksəklikdə dairəvi orbitdə olacaq. İkinci mərhələ çərçivəsində raket kosmosa həmçinin 8 ədəd peyki də çıxaracaq. Üçüncü mərhələ isə raketin geri qaytarılmasını əhatə edir.
         Müəyyən müddətlik fasilədən sonra raketin ikinci pilləsinin mühərriki yenidən işə salınacaq. Bu, raketin orbitdən aşağı endirilməsi prosesinə start verəcək. Nəticədə ikinci pillə atmosferdə yanacaq, onun sahib olduğu iki yanacaq bakı isə Sakit okeanda batacaq. Qeyd etmək lazımdır ki, Ariane 6 ağır raketinin hündürlüyü 63 metr, diametri isə 5.4 metr təşkil edir. Bu raket iki versiyada hazırlanıb. Birinci versiya iki ədəd sürətləndirici bloka sahibdir və onun çəkisi 530 ton təşkil edir. İkinci versiya isə 4 ədəd sürətləndirici bloka sahibdir və onun çəkisi 860 ton təşkil edir. Ariane 6-nın hazırlanmasına ümumilikdə 3.6 milyard avro vəsait sərf edilib.
    Paylaş
    Bənzər xəbərlər