
Avstraliya öz ilk kosmik raketinin uçuşunu həyata keçirib (VİDEO)
Elm & Texnologiya
30.07.2025
Emil
2025-ci il iyulun 30-da Avstraliyada hazırlanmış və istehsal olunmuş ilk raketdaşıyıcı - Gilmour Space şirkətinin Eris raketi ilk buraxılışını həyata keçirdi. Uçuş cəmi 14 saniyə davam etdi. Raket start meydançasından güclə qopdu və dərhal yana əyilməyə başladı, sonra isə yerə çırpılıb alovlandı. Lakin bu uğursuzluq belə tarixə düşdü - Eris-dən əvvəl Avstraliyanın kosmosa aparat çıxarmaq üçün heç bir yerli vasitəsi olmamışdı. Üçpilləli və yüngül çəkili Eris raketinin istehsalçısı olan Gilmour Space şirkəti ilk buraxılışdan tam uğur gözləmədiyini əvvəlcədən bildirmişdi.

Uğur sayılacaq nəticə, hətta sadə bir sıçrayışdan tutmuş orbitə çıxışa qədər istənilən uçuş müddəti ola bilərdi. Birinci pillənin mühərrikləri - ümumilikdə 4 ədəd (hamısı şirkətin öz istehsalıdır) - buraxıldıqdan sonra 23 saniyə işləyib, bu müddətin 14 saniyəsində raket havada olub. Mühərriklərin işlədikləri hər saniyə orbitə çıxış şanslarını artırmağa kömək edəcək qiymətli məlumatlar verib. Bu artıq özü bir uğurdur: axı neçə raket ilk cəhddə uğurla qalxıb?
Eris raketinin buraxılışı, raketin bütün sistemlərinin və kosmodrom infrastrukturunun real şəraitdə sınaqdan keçirilməsinə imkan verdi. Əvvəlcə buraxılış erkən yaz aylarına planlaşdırılmışdı, lakin siklon səbəbilə təxirə salındı. Daha sonra raketin “qapağı uçdu” - yəni faydalı yükün örtüyü öz-özünə ayrıldı və bu hadisədə zarafatla böyük kakadu tutuquşusu günahlandırıldı. Ardınca yenidən fırtınalı hava buraxılışa mane oldu. Nəhayət, buraxılış günü hava şəraiti ən əlverişli səviyyədə oldu və start reallaşdı. Gilmour Space şirkəti buraxılış zamanı əldə olunmuş məlumatların analiz ediləcəyini və ikinci test buraxılışına hazırlıq görüləcəyini bildirib, lakin dəqiq tarix barədə danışmağın hələ tez olduğunu qeyd edib.
Paylaş