main-post-cover

    'Azərkosmos' Tacikistanda keçirilən 'Məsafədən zondlama metodları ilə məhsulun proqnozlaşdırılması' tenderinin qalibi olub

    Elm & Texnologiya
    30.03.2020
    Farid Pardashunas
        Bakı, 30 mart 2020  – “Azərkosmos” Tacikistanda Dünya Bankının qrant dəstəyi ilə “Kənd Təsərrüfatı Sahibkarlığının İnkişafı” mərkəzinin elan etdiyi “Məsafədən zondlama metodları vasitəsilə məhsulun proqnozlaşdırma sisteminin yaradılması” layihəsi üzrə keçirilən tenderin qalibi olub.
        Tenderin qalibi olaraq “Azərkosmos” “Azersky” peykindən əldə olunan təsvirlər əsasında  Tacikistan ərazisində kənd təsərrüfatı əhəmiyyətli torpaqların monitorinqi və məhsuldarlığın proqnozlaşdırılması üzrə konsultasiya xidməti göstərəcək. “Azərkosmos” sözügedən layihəni Tacikistanın su ehtiyatlarının idarə olunması üzrə fəaliyyət göstərən “OBRU” təşkilatı ilə birgə icra edəcək.
        Qeyd edək ki, beynəlxalq rəqabətli tender prosesində “Azərkosmos”la yanaşı 15-ə yaxın şirkət iştirak edib.
         “Azərkosmos” ASC haqqında
        Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.   
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər