main-post-cover

    Barack Obama-nın keçmiş məsləhətçisi: 'Biz robotlar tərəfindən ola biləcək fəlakətin qarşısını almalıyıq'

    Elm & Texnologiya
    16.11.2017
    Emil Nəcəfov
    Barack Obama-nın texniki məsələlər üzrə keçmiş məsləhətçisi Megan Smith Fortune adlı sammitdə çıxış edən zaman bildirib ki, robotları silahlandırmamışdan öncə insanlar onları necə idarə etmək lazım olduğunu anlamalıdırlar.
    Bu ilin İyul ayında Elon Musk bildirmişdi ki, süni zəka insan sivilizasiyası üçün böyük təhlükə mənbəyidir. Onun bu cür bəyanatı sözügedən məsələ ilə bağlı daha optimist olan Mark Zuckerberg ilə söz döyüşünə gətirib çıxartdı. Lakin Megan Smith düşünür ki, Elon Musk böyük ehtimalla bu məsələdə düzgün tərəfi tutur. Megan bu cür fəlakətin baş verməməsi üçün əlindən gələni etməyə hazırdır.

    “Mən ümid edirəm ki, biz hamı tərəfindən müzakirə olunan robotlar fəlakətindən yan qaça biləcəyik. Lakin biz dəqiqləşdirməliyik ki, süni zəkaya hansı dəyərlər yeridiləcək. Artıq indidən biz öz hərbçilərimizi silahlandırdığımız kimi robotları da silahlandırmağa çalışırıq. İnsanlar qərara gəlməlidirlər ki, bu bizə lazımdırmı? Əgər lazımdırsa, onları necə idarə etmək olar? Bu ümumiyyətlə mümkün olacaqmı? Bu, Silikon Vadisinin bir neçə proqramçıları tərəfindən həll ediləsi düzgün olmayan ciddi suallardır” – deyə Megan Smith bildirib.
    Hal hazırda Barack Obama-nın keçmiş məsləhətçisi “Shift7” adlı şirkətdə CEO vəzifəsində çalışır. Bu şirkət geniş cəmiyyət arasında elmi biliklərin və texniki təhsilin yayılması üçün çalışır. Şirkət əmindir ki, yeni texnologiyalar insan alveri və kütləvi zorakılıq kimi sosial-iqtisadi problemləri aradan qaldırmağa qadirdilər. Süni zəka isə bu məsələdə aparıcı rol oynaya bilər. Lakin məsələ burasındadır ki, biz onu həddindən artıq homogen edirik.
    Linki kopyala