main-post-cover

    BƏƏ-dəki günəş elektrostansiyası dünyanın ən ucuz elektrik enerjisini istehsal edəcək

    Elm & Texnologiya
    06.05.2020
    Emil Nəcəfov
        Günəş fermalarında istehsal olunan elektroenerjinin qiymətləri sürətlə aşağı düşməyə davam edir. Bu istiqamət üzrə yeni rekord göstərici BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) qeydə alınacaq. Belə ki, BƏƏ-də inşasına start verilmiş günəş enerjisi ferması elektrik enerjisini istehlakçılara kilovatt saatına görə 1.35 sent qiymətində satacaq. Bu isə hal hazırda satılan günəş enerjisi qiyməti üzrə rekord göstəricidən 40% daha ucuz olacaq. Bu barədə Popular Mechanics saytı xəbər verib. BƏƏ-də 2 giqavatt gücündə günəş elektrostansiyasının inşasına start verilir.
    Sözügedən elektrostansiya Abu-Dabidə yerləşəcək və 160.000 ailənin ehtiyaclarını qarşılamaq üçün lazımi elektrik enerjisini istehsal edəcək.
        Günəşli hava şəraitinin üstünlük təşkil etməsi və səhralığın istifadə olunmayan böyük ərazilərinin olması öz növbəsində BƏƏ-mi fotoelektrik sahənin inkişafı üçün ideal variant edir. Məsələn Abu-Dabi artıq öz elektrik enerjisi tələbatının yarısını 1.2 giqavatt gücə sahib günəş enerjisi fermalarından əldə edir. BƏƏ-də olan günəş elektrostansiyalarında istehsal olunan elektroenerjinin qiymətinin çox ucuz olması bir sıra unikal faktorla əlaqəlidir:
        İl ərzində günəşli günlərin maksimal sayı, torpaq sahəsinin ucuzluğu (böyük torpaq sahələri demək olar pulsuz şəkildə icarəyə verilir), inşaatçıların əmək haqqları ilə təchizat xidmətlərini təqdim edən mütəxəssislərin ödənişlərinin aşağı olmas, faizlər və aşağı vergilər ilə inşaat sahəsində kreditlərin verilməsi. Bu məsələyə təsir edən əsas faktorlardan biri də odur ki, günəş panellərinin qiymətləri daimi şəkildə aşağı düşür.
    Dünyanın aparıcı iqtisadiyyatlarında istehlakçılar BƏƏ-dəki kimi elektroenerji qiymətini hələ ki, sadəcə arzulaya bilərlər.
        ABŞ-da elektroenerjinin kilovatt saatı ortalama 12 sent, Çində 8 sent, Yaponiyada və Almaniyada 30 sent təşkil edir. BƏƏ-dəki yeni günəş elektrostansiyası 2022-ci ildə hazır olmalıdır. Həmin günəş elektrostansiyasından istifadə isə öz növbəsində atmosferə 3.6 milyon ton karbon qazının ifraz olunmasının qarşısını alacaq. Bu, 720.000 avtomobilin ləğv olunmasına bərabərdir.
    Linki kopyala