
Birləşmiş Ərəb Əmirliklərində 2 süni yağış texnologiyası test edilir
Elm & Texnologiya
30.01.2025
Emil
Technote.az Bloomberg saytına istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Milli Hidrometeorologiya Mərkəzinin (NCM) rəhbəri Abdulla Al Mandous son müsahibəsində qeyd edib ki, BƏƏ-də yağışların süni şəkildə formalaşdırılmasına istiqamətlənmiş 2 perspektivli texnologiya test edilir. Məlumata əsasən test edilən texnologiyalardan biri buludların formalaşması üçün nanotexnologiyaların istifadəsinə, digəri isə təyyarələrin və ya dronların qanadlarına elektrik boşalmaları yaradan qurğuların quraşdırılmasına əsaslanır. Məlumatda qeyd edilib ki, suyun duzsuzlaşdırılması prosesi bu perspektivli texnologiya ilə müqayisədə 25 dəfə daha baha başa gəlir. Buna görə də yağış vasitəsilə əldə edilən su bu prosesin yerini tutmalıdır.

Yaxın Şərqdə olan bir çox ölkələr kimi BƏƏ də öz tələblərinin qarşılanması üçün suyun duzsuzlaşdırılmasından asılıdır. Lazımi miqyasda bu cür sistemlərin yaradılması olduqca baha başa gəlir. Digər alternativ variantların hələ olmadıqları səbəbilə bu bahalı variantdan istifadə etmək məcburiyyəti qalır. Lakin alternativ variant kimi yağışların süni şəkildə formalaşdırılması ideyası çıxış edə bilər. Günümüzdə bu proses havada duz reagentlərinin səpələnməsi hesabına reallaşdırılır. Bu isə öz növbəsində torpaqda duz miqdarının artması kimi mənfi nəticələrə səbəb ola bilər. Aparılmış hesablamalara əsasən sözügedən proses çərçivəsində duz əvəzinə nanohissəciklərindən istifadə öz növbəsində yağıntıların formalaşması effektivliyini 3 dəfə yüksəldə bilər.
Bundan əlavə, təyyarə və ya dronların qanadlarına quraşdırılan qurğular vasitəsilə elektrik boşalmaları ilə damcıların əmələ gəlməsinin stimullaşdırılması yağıntıların yaradılmasının effektivliyini doqquz dəfə artırır. İlk belə eksperiment 2021-ci ilin yayında keçirilib və güclü yağışlara səbəb olaraq uğurlu hesab edilib. Lakin BƏƏ hələ bu texnologiyaların kütləvi tətbiqinə hazır deyil. 2024-cü ildə Dubayda güclü yağış şəhərdə hərəkəti iflic edib, çünki şəhərdə yağış sularının axıdılması üçün kanalizasiya sistemi yoxdur. NCM rəhbəri etiraf edir ki, BƏƏ-nin infrastrukturu - həm şəhər, həm də su anbarları - hələ güclü yağışlara hazır deyil. Yağıntıların müntəzəm yaradılması barədə ciddi danışmaq üçün hələ çox iş görülməlidir. Nəhayət, hansı texnologiyaya üstünlük veriləcəyi hələ məlum deyil.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
