Logo
    Bitluni CH570 çipli USB qrafik kartı yığıb: hissələr təxminən 0,34 manat

    Bitluni CH570 çipli USB qrafik kartı yığıb: hissələr təxminən 0,34 manat

        “YouTube”da elektronika layihələri ilə tanınan Bitluni “CH570” çipi əsasında kiçik USB qrafik kartı hazırlayıb. O, əvvəllər də VGA çıxışı üzərində işləyib, bu dəfə isə qurğunu kiçiltmək üçün rəngli görüntüdən imtina edib. Lövhəyə qoyulan hissələr 0,20 dollara (təxminən 0,34 manat) başa gəlib. Kart ekranda həm mətn, həm də sadə animasiya göstərə bilib.
        Bitluni əvvəlki layihəsində “CH32V003” çipindən yararlanmışdı. “CH570” modelində operativ yaddaş 2 dəfə çoxdur. Çip USB və “Bluetooth” bağlantılarını da dəstəkləyir. Rəqəmsal siqnalı analoq siqnala çevirən hissə çipdə olmadığı üçün Bitluni elektrik impulslarının nə qədər davam etdiyini dəyişib. Bu üsulla ekranda boz rəngin 16 çalarını göstərə bilib.
        Yaddaş az olduğundan Bitluni əvvəlcə yalnız mətn göstərib və görüntüdəki üfüqi xətlərin sayını 2 dəfə azaldıb. İlk sınaqda görüntü ləng yaranırdı, amma kodu çipin daha sürətli daxili yaddaşına köçürəndən sonra görüntünün yaranması 24 dəfə sürətlənib. Ekrana 34 sütun və 37 sətir mətn sığıb. Bitluni proqramı bir az da təkmilləşdirəndən sonra Rik Estlinin rəqs etdiyi qısa animasiyanı da göstərə bilib.
        Sınaq zamanı Bitluni qurğunu kiçik kineskoplu televizorun kompozit video girişinə, yəni görüntü siqnalını qəbul edən girişə qoşub. Daha sonra “CH570” çipi, USB-C girişi və digər xırda hissələr üçün ayrıca lövhə hazırlayıb. 10 boş lövhənin qiyməti 15 dollar olub (təxminən 26 manat). Lövhəyə qoyulan hissələrin ən bahalısı “CH570” çipi olub. Çip 0,13 dollara (təxminən 0,22 manat) başa gəlib.
        Son mərhələdə Bitluni USB girişini elə qurub ki, kompüter mətni məlumatı ardıcıl göndərməklə ötürsün. Əvvəlcə çip USB bağlantısını idarə edəndə video siqnalı kəsilirdi. Bitluni proqramı düzəldəndən sonra USB bağlantısı və video çıxışı eyni vaxtda işləyib. Beləliklə, kompüterdə yazılan mətn televizorun ekranında görünüb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...