main-post-cover

    Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

    Elm & Texnologiya
    05.05.2021
    Emil Nəcəfov
        Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib. Beləliklə ilk turistik uçuş 20 iyul tarixində baş tutacaq. Sözügedən uçuş üçün nəzərdə tutulmuş biletlərin qiymətləri xüsusi hərrac ilə təyin ediləcək. Həmin hərrac 3 mərhələdə keçiriləcək. Hərracda iştirak üçün istənilən şəxs sorğu göndərə bilər. Beləliklə ilkin mərhələ üzrə 5 -19 may tarixlərində istifadəçilər şirkətin saytında öz sorğularını yerləşdirəcəklər. 19 may tarixindən başlayaraq istifadəçilər yerləşdirilmiş sorğuların qiymətlərini görə biləcəklər və hər bir şəxs digərindən daha yüksək qiymət təklif etməli olacaq. 12 iyun tarixində isə bu proses online hərrac vasitəsilə yekunlaşdırılacaq.
        Nəticədə hərracın qalibi olacaq şəxs Blue Origin şirkətinin New Shepard adlı kosmik gəmisində bir yer üçün bilet əldə edəcək. Qeyd etmək lazımdır ki, sözügedən kosmik gəmi 6 nəfər sərnişin üçün nəzərdə tutulub. İlk uçuş missiyası çərçivəsində kosmik gəmi 100 km hündürlüyə qalxacaq. 100 km hündürlük əldə olunandan sonra kosmik gəminin sürətləndirici raketi geri dönərək eniş edəcək. Sərnişinlərin yerləşdikləri xüsusi kapsul isə paraşüt sistemi vasitəsilə endiriləcək. Hələ bu ilin əvvəlində məlumat ortaya çıxmışdı ki, Blue Origin şirkəti ilk turistik uçuş missiyasını 2021-ci ildə reallaşdıracaq.
    Linki kopyala