
BMW 3-cü səviyyəli avtopilot sistemini test edir
Elm & Texnologiya
08.08.2023
Emil
BMW və Innoviz adlı şirkət son bir neçə il ərzində birgə 3-cü səviyyəli avtopilot sistemi üzərində çalışırlar. İki şirkətin birgə hazırladığı 3-cü səviyyəli avtopilot sistemi lidar texnologiyasına əsaslanır. Qeyd etmək lazımdır ki, 3-cü səviyyəli avtopilot sistemi çərçivəsində sürücü yalnız yola nəzarət edir və bütün idarəetmə prosesi məhz avtomobil tərəfindən avtomatik şəkildə reallaşdırılır. BMW-nin avtopilot sistemi çoxlu sayda lidarın istifadəsinə əsaslanır və artıq şirkət tərəfindən test edilir. Test nəticələrinə əsasən BMW sözügedən avtopilot sisteminin özünün digər avtomobillərinə inteqrasiyası məsələsində Innoviz şirkəti ilə əməkdaşlıq edib-etməyəcəyinə qərar verəcək.
Hal hazırda məlumdur ki, hazırlanan avtopilot sistemi bu il ərzində BMW-nin yeddinci seriyasında istifadəyə veriləcək. Məlumatda qeyd edilib ki, avtopilot sistemi istifadəyə veriləndən sonra o, Tesla şirkətinin avtopilot sistemi ilə rəqabət aparacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Elon Musk avtomobillərdə lidar texnologiyasının istifadəsini tənqid etmişdi. Onun sözlərinə əsasən lidar sensorlar baha başa gəlir və avtomobillərdə lazım olmayan bir texnologiyadır.
Buna görə də Tesla elektromobillərində avtopilot üçün radarlar, kameralar və süni zəka əsasında olan sistemdən istifadə edilir. Lakin BMW mütəxəssislərinin fikirlərinə əsasən 3-cü səviyyəli və daha təkmilləşdirilmiş avtopilot sistemləri üçün vacib olan əsas texnologiyalardan biri də lidardır. Qeyd etmək lazımdır ki, radarlar və lidarlar eyni prinsip üzrə çalışırlar. Ətraf mühitin 3D xəritəsinin tərtib olunması üçün onlar siqnal göndərirlər və göndərilən siqnalın geri qayıtma müddətini ölçürlər. Bu texnologiyalar arasında olan fərq ondan ibarətdir ki, radarlar siqnal qismində radio dalğalardan, lidarlar isə lazerlərdən istifadə edirlər.
Paylaş
Bənzər xəbərlər