main-post-cover

    Bütün Netflix kontentinin 1 saniyəyə yüklənməsi: İnternet sürətində yeni rekorda imza atılıb

    Elm & Texnologiya
    22.08.2020
    Emil Nəcəfov
        Bəzi ölkələrin kommersiya şəbəkələrində internet sürəti saniyədə 10 Gbit-ə çata bilir. Adi istifadəçilər üçün bu cür göstərici əlçatmazdır. Lakin texnologiyalar inkişaf etməkdə davam edirlər. Belə ki, britaniyalı və yapon mütəxəssislər internet sürətli üzrə mövcud olan dünya rekordunu geridə qoyan yeni texnologiyanı yarada biliblər. Bu barədə Newatlas saytı xəbər verib.
        Britaniyalı mühəndislər yapon mütəxəssislər ilə birlikdə mövcud olan fiber-optik infrastrukturdan daha çox məlumatın ötürülməsi üzrə yeni texnologiyalar yaradıblar. Nəticədə onlar saniyədə 178 Tbit internet sürətini əldə ediblər. Bu isə daha əvvəlki dünya rekordundan (saniyədə 150 Tbit) 20%, avstraliyalı tədqiqatçıların əldə etdikləri göstəricidən isə (saniyədə 44 Tbit) 4 dəfə yüksəkdir.
        Məlumatda qeyd olunub ki, saniyədə 178 Tbit internet sürəti vasitəsilə bütün Netflix kontentini 1 saniyəyə yükləmək olar. Tədqiqatçılar qeyd ediblər ki, yeni texnologiyanı çox rahatlıqla kommersiyalaşdırmaq və bütün dünya üzrə istifadəyə vermək olar. Məsələ burasındadır ki, bunun üçün fiber-optik infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac yoxdur. Sadəcə olaraq bir-birilərindən 40-100 km uzaqlıqda yerləşən siqnal gücləndiricilərini yeniləmək lazımdır.
    Linki kopyala