Logo
    main-post-cover

    Çin müəyyən regionda qlobal internetə tam çıxışı təmin edəcək

    Elm & Texnologiya
    10.06.2025
    Emil
         Çin hökuməti Haynan adasında pilot layihənin icrasına başlayıb. Bu layihə, orada qeydiyyatdan keçmiş şirkətlərin əməkdaşlarına Google, Wikipedia, YouTube TikTok kimi əvvəllər bloklanmış resurslar da daxil olmaqla qlobal internetə tam çıxış imkanı verir. Məlumata görə, bu addımlar xarici investisiyaları cəlb etmək və regionu azad ticarət limanı kimi mövqeləndirmək məqsədi daşıyır. Global Connect adlanan xidmət HIDCSC vasitəsilə təqdim olunur. Bu qurum Haynan əyalətinin dövlətə məxsus böyük verilənlərin inkişaf mərkəzinə tabedir.
         Şəbəkəyə qoşulmaq üçün istifadəçi ölkənin 3 əsas mobil operatorundan - China Mobile, China Unicom və ya China Telecom - birində 5G dəstəyi olan tarif planına qoşulmalı və işəgötürənə dair məlumatları, o cümlədən şirkətin Vahid Sosial Şəxsiyyət Kodunu təqdim etməlidir. HIDCSC nümayəndəsinin sözlərinə görə, təsdiq prosesi 5 aya qədər vaxt apara bilər, lakin bundan sonra qlobal internetə çıxış pulsuz şəkildə təmin olunur. Qeyd olunur ki, şirkətlərin ölçüsünə və fəaliyyət sahəsinə dair hələlik heç bir məhdudiyyət yoxdur. Bununla belə, hansı saytların əlçatmaz qalacağı barədə nümayəndə dəqiq məlumat verməyib.
    Haynan:
         Bundan əvvəl beynəlxalq şirkətlərə internetə çıxış üçün xüsusi kanallar təqdim oluna bilirdi, lakin fərdi şəxslər üçün dövlətin Çin firewall sistemini aşmaq demək olar ki, mümkün deyildi. Qeyd edək ki, Çində icazəsiz VPN istifadə etmək qanunsuzdur. Rəsmi şəkildə icazə verilmiş üsullar mövcud olsa da, onlar bahalıdır və əsasən korporativ müştərilər tərəfindən istifadə olunur. Xatırladaq ki, Çin uzun müddətdir internet məkanına ciddi nəzarəti saxlayır və bunu ekstremist məlumatların yayılmasının qarşısını almaq zərurəti ilə izah edir. Daha əvvəl azad iqtisadi zonalarda senzuranın yumşaldıla biləcəyi ilə bağlı şayiələr dolaşırdı, lakin indiyədək bu istiqamətdə konkret addımlar atılmamışdı. Haynan adasında həyata keçirilən yeni pilot layihə bu baxımdan ilk istisnalardan biri olub.
    Paylaş