
Çində okean dərinliklərini müşahidə etmək üçün balıq robot hazırlanıb (VİDEO)
Elm & Texnologiya
18.08.2025
Emil
Harbin Mühəndislik Universitetinin (Çin) tədqiqatçıları okeanın enerjisindən istifadə edərək hərəkət edə bilən yumşaq robot-balığı hazırlayıblar. Bu bionik robot dəniz ekosisteminin nümayəndələrini böyük dərinlikdə zərər vermədən müşahidə etmək üçün nəzərdə tutulub. Robotun uzunluğu təxminən 32 sm, çəkisi isə təqribən 670 qramdır. Alimlər adi sualtı aparatlarda istifadə olunan iri və sərt mühərriklərdən imtina edərək, burada yeni elektrohidravlik sistemi tətbiq ediblər. Silikon gövdənin yan hissələrində yerləşdirilən elastik konstruksiyalar dəniz suyunun təbii ionlarından istifadə etməklə elektrik sahəsi yaradır.
Bu sahə gövdənin daxilindəki xüsusi mayeni tərəfdən-tərəfə hərəkət etdirir və nəticədə robotu real balıq kimi hərəkətə gətirir. Hazırlanmış konstruksiya cihazın ekstremal şəraitə və böyük dərinlikdə yüksək təzyiqə tab gətirməsinə imkan yaradır. Gövdənin daxilindəki maye və elastik struktur sayəsində təzyiq avtomatik olaraq tarazlanır. Sahə sınaqları zamanı robot 4000 metr dərinliyə enib. Laboratoriya şəraitində isə o, 10 000 metr dərinliyə ekvivalent təzyiqdə və 2 dərəcə Selsiyə qədər temperaturda testdən keçib. Müqayisə üçün, okeanın ən dərin nöqtəsi - Marian çökəkliyindəki Challenger uçurumu - 10 935 metr dərinlikdə yerləşir.

Paylaş