
Çinlilər Venera bulud nümunələrini Yerə çatdırmağı planlaşdırırlar
Elm & Texnologiya
06.05.2025
Emil
Venera məlum olan bioloji həyat formaları üçün son dərəcə əlverişsiz bir mühitə malikdir. Onun səthində metal sözün əsl mənasında əriyir. Lakin səthdən xeyli yüksəklikdəki bulud qatlarında bakteriya və mikrobların mövcudluğu üçün əlverişli şərait ola bilər ki, bu da alimləri uzun müddətdir maraqlandırır. Bu sirrə cavab isə Veneranın buludlarından nümunələrin Yerə gətirilməsi ola bilərdi. Bu, texniki cəhətdən mürəkkəb, lakin müasir vasitələrlə tam mümkün bir tapşırıqdır və bunu sübut etməyə Çinli alimlər qərar veriblər. Veneranın atmosferindən nümunələrin Yerə gətirilməsi ilə bağlı missiya planları haqqında çinli alimləri bir neçə il əvvəl uzunmüddətli kosmik proqramların təqdimatı zamanı məlumat vermişdilər. Son günlərdə isə bu barədə yeni təfərrüatlar məlum olub. Əvvəla, Çin layihənin həyata keçirilməsi üçün planlaşdırılan vaxt aralığını açıqlayıb ki, bu da onların bu elmi sıçrayışı reallaşdırmaqda qətiyyətli olduqlarını göstərir.

Veneranın buludlarından nümunələrin götürülməsi və Yerə çatdırılması üzrə missiya təxminən 2033-cü ilə planlaşdırılıb. Bu isə o deməkdir ki, layihə artıq ilkin texniki hazırlıq mərhələsindədir. Əvvəlki bir sıra təkliflərə əsasən, Veneranın atmosferinin tərkibini təhlil etmək və planetin buludlarında orqanik maddələrin izlərini axtarmaq üçün nəzərdə tutulmuş zond hava şarı və ya diriijabl formasında ola bilərdi. Belə bir aparat müəyyən yüksəklikdə uzun müddət qala bilər, məlumat toplayıb onu orbitdəki qurğuya, daha sonra isə Yerə ötürə bilərdi. Buludlardan toplanmış nümunələr raket vasitəsilə orbitə qaytarıla bilərdi - bu, Marsın səthindən nümunələrin gətirilməsi üçün planlaşdırılan metodla oxşardır. Bunun üçün əsas tələb - zondun konstruksiyasını Veneranın buludlarını təşkil edən sulfat turşusu damcılarından etibarlı şəkildə qorumaqdır. NASA-nın Veneranın atmosfer zondunu hazırlamaq üzrə ilkin layihəsi teflon örtüklü hava şarının istifadəsini nəzərdə tuturdu.

Lakin layihə nəzərdən keçirildikdən sonra agentliyin elmi komitəsi onu qeyri-aktual hesab edərək rədd etmişdi. Qeyd etmək lazımdır ki, bu missiyanın məqsədlərinə çatmaq üçün Veneraya 22 tonluq kosmik stansiya göndərilməsi planlaşdırılırdı ki, bu da layihənin nə qədər mürəkkəb olduğunu göstərir. Çinli alimlər Veneranın atmosferindən nümunələrin götürülməsi və Yerə çatdırılması məsələsini başqa vasitələrlə həll etməyi planlaşdırırlar. Nəşr olunmuş slaydlardan göründüyü kimi, Veneranın atmosferinə kosmoplan buraxılacaq. Bu aparat eniş edəcək, nümunələri toplayacaq və sonra orbitdəki stansiyaya qayıdacaq. Atmosferin sıx qatlarında bütün manevrlər avtomatik rejimdə və məhdud naviqasiya şəraitində həyata keçiriləcəyi üçün Veneraya əlavə rabitə və naviqasiya peykinin göndərilməsi də planlaşdırılır.

Çinin Ayın görünməyən tərəfindəki səthindən nümunələri uğurla geri gətirməsi sübut etdi ki, bu cür tapşırıqlar texniki baxımdan mümkündür. Müasir avtomatika insan müdaxiləsi olmadan da son dərəcə mürəkkəb tapşırıqları yerinə yetirməyə qadirdir. Veneranın buludlarından götürülən nümunələrin təhlili bu planetin bir çox sirrini açmağa kömək edəcək - onun atmosferinin təkamül xüsusiyyətlərindən tutmuş orqanik molekulların və ya hətta primitiv həyat formalarının mümkün mövcudluğuna qədər. 5 il əvvəl Nature jurnalında amerikalı alimlərin səs-küyə səbəb olmuş bir məqaləsi dərc olunmuşdu. Onlar Veneranın buludlarında fosfin izlərinin aşkarlandığını bildirmişdilər. Yer üzündə fosfinin yaranması bakteriyaların fəaliyyəti ilə bağlıdır. O halda, onların Venerada mövcudluğunu da istisna etmək olarmı? Bunu yalnız çatdırılmış nümunələrin birbaşa analizi ilə yoxlamaq mümkündür.
Mənbə: Spectrum
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
