main-post-cover

    Elon Musk: 'Süni zəkanı ilahiləşdirən insanları bu texnologiyanın yaradılmasına yaxın buraxmaq olmaz'

    Elm & Texnologiya
    25.10.2017
    Farid Pardashunas
    Öz Twitter səhifəsində “Tesla” və “SpaceX” şirkətlərinin CEO-su Elon Musk, süni zəkaya ilahi statusu verən mütəxəssisləri sərt şəkildə tənqid edib.
    Qeyd etmək lazımdır ki, Musk, süni zəka texnologiyasına etibarsızlığı ilə tanınır və onun fikrincə alqoritmləri tanrıya çevirəcək insanları süni zəkanın yaradılmasına yaxın buraxmaq olmaz. Musk, Twitter-dəki paylaşımını Venture Beat saytında dərc olunmuş məqaləyə görə edib. Belə ki, həmin məqalədə “IV.AI” şirkətinin rəhbəri Vince Lynch süni zəka ilə dinin oxşarlığına işarə edib. Öz nəzəriyyəsini sübut etmək üçün Lynch süni zəka əsasında xüsusi model yaradıb. Həmin model isə öz növbəsində İncildəki bir neçə sətr cümləyə bənzər material hazırlayıb. Bununla yanaşı Lynch qeyd edib ki, 25-30 ildən sonra süni zəka öz müqəddəs mətnini yaza biləcək və hətta onun davamçılarını tapa biləcək.

    Elon Musk öz paylaşımında həmin məqaləyə link verərək bəzi insanları üstün şüurun yaradılmasına yaxın buraxmamağın lazım olduğunu bildirib. Bununla yanaşı o, konkret ad bildirməyib. Qeyd etmək laızmdır ki, Venture Beat saytındakı məqalədə nəinki Vince Lynch, həmçinin Anthony Levandowski-nin də adı keçir. Nəzərinizə çatdıraq ki, “Google” şirkətinin keçmiş mühəndisi olan Anthony Levandowski, Sentyabr ayında elan etmişdi ki, “Gələcəyin yolu” adlı təşkilat yaradıb. Həmin təşkilat yeni süni zəka tanrısının proqramlaşdırılması məqsədilə insanları bir araya yığacaq. “Süni zəka əsasında yaradılmış tanrını təkmilləşdirmək və inkişaf etdirmək. Ona sitayiş edərək və onu anlayaraq daha yaxşı gələcəyə doğru irəliləmək”. Levandowski öz yaratdığı təşkilatın məqsədini məhz bu cür qeyd etmişdi.

    Elon Musk üçün bu cür bəyanatların nəyə görə yolverilməz olduğunu anlamaq olar. Avtopilot sistemli avtomobillərin istehsalı ilə məşğul olan şirkətin rəhbəri olmasına baxmayaraq o, süni zəka alqoritmlərinə çox böyük etibarsızlıqla yanaşır. O həqiqətən də narahatdır ki, süni zəka Üçüncü Dünya Müharibəsinin səbəbkarı ola bilər və robotlaşdırılmış sistemlər küçəyə çıxaraq insanları məhv edə bilər.
    “Əgər siz süni zəkanın tətbiq olunması üzrə təhlükəsizlikdən narahat deyilsinizsə, onda bunun üçün əsl vaxtdır. Bu, Şimali Koreyadan daha böyük riskdir” – deyə Musk vaxtı ikən bildirmişdi.
    Gələcəkdə yeni növ dinlərin sırasında süni zəkanın olma ehtimalı barəsində tarixçi Yuval Noah Harari də özünün “Homo Deus: A Brief History of Tomorrow” kitabında qeyd edib. Onun fikrincə artıq günümüzdə insanlar öz suallarının cavablarını tapmaq üçün kilsələrə deyil, alqoritmlərə müraciət edirlər. Harari-nin fikrincə yaxın gələcəkdə dataizm texnohumanizm kimi yeni dinlər ön plana keçəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər