
Ən yaxşı Android? | Honor Magic5 Pro almağa dəyərmi?
Elm & Texnologiya
15.06.2023
Farid
Dizayn olaraq "Honor Magic5 Pro" ikonik bir görüntüyə sahibdir. Cihaz 219 qramm çəki və 8.8 mm gövdə qalınlığı ilə ortalama bir flaqman göstəricilərinə sahibdir. Lakin bu gövdədə diqqət çəkən detal sözsüz ki, arxa kamera blokudur. Belə bir bloku ilk dəfədir gördüm, önə doğru çıxan böyük bir ada kimi görünür və sərt çıxış etmir. Hamar, lakin qabaran bir şəkildə arxa qapaq sanki önə çıxarılıb.
Bu adanın üzərində 3-lü kamera seti yerləşdirilib. Bu kameralar Süd Yolu qalaktikasının mərkəzində yerləşən qara dəliyin formasından ilhamlanaraq hazırlanıb. Yəni təkrarolunmaz bir arxa kamera quruluşu var. Bu blok daxilində 3 kameradan əlavə TOF sensor və fləş də quraşdırılıb.
Gövdənin özü də fərqli hazırlanıb. Həm arxa həm ön ilə yanaşı kənar künclər də kəsik, bükülən bir görüntüyə sahibdir. Bunun sayəsində cihazın önündə sanki arxaya doğru qismən bükülən böyük, tam çərçivəsiz bir ekran yerləşdirilib.
Ekran yenə də flaqmana yaraşandır. Hətta DXOMARK testləri deyir ki, bu smartfon dünyanın ən yaxşı ekranına sahibdir. Niyə belə qeyd edirlər? İzah edim. 6.81 düymlük LTPO tipli OLED bir ekranı var. 2K keyfiyyətinə və 120 Hz-lik təsvir yenilənmə tezliyinə sahibdir. HDR10+ dəstəyi, 10 bit dərinliyində rəng göstərmə, 1300 nit maksimal parlaqlıq səviyyəsi HDR məzmunlarda 1800 nit-ə yüksəlir. Belə və buna yaxın göstəricilər bütün flaqmanlarda var. Amma bu cihazı daha yaxşı edən "PWM dimming" dəyəri olub ki, Honor bu OLED ekrana 2160 Hz verib. Bunun sayəsində ekran xüsusən gecə istifadəsi zamanı gözə LED-lərin dalğalanmasını hiss etdirmir və beyində melatonin hormon ifrazını əngəlləmir. Mavi işıq dalğasını da az göndərir. "TÜV-Rheinland"dan sertifikatı da var. Yəni digər smartfonlara nisbətdə gözləri daha az yorur. Bu texnologiya ilə dünyada bir ilki ediblər və mən bunu innovasiya hesab edirəm. Günəş altında da olduqca parlaq bir görüntü verə bilir. Ümumilikdə ekran barəsində mənfi nəsə demək mümkün deyil.
12 GB fiziki RAM, 7 GB virtual RAM və microSD kart dəstəyi olmayan 512 GB daxili yaddaşı ilə Honor Magic5 Pro Qualcomm-un flaqman prosessoru olan Snapdragon 8 gen 2 4 nanometr arxitekturalı prosessorla gəlir. Bu setdə Adreno 740 qrafik kartı var ki, işə salmadığı oyun yoxdur. PUBG təbii ki, 90 FPS-lə bu cihazda oynanıla bilir. RAM-lar LPDDR5x standartlıdır, daxili yaddaş UFS 4.0 yaddaş çipi ilə gəlir ki, oxuma və yazması çox sürətlidir. Cihazın özü də sürətli açılır. Geekbench 5, Geekbench 6 və AnTuTu 9 testlərində rəqiblərinə nəzərən yerini və nəticələrini sizinlə bölüşürəm.
Kameralara gəlin öndən başlayaq. Bu iki kameradan biri TOF sensordur ki, 3D Face ID üçün və kifayət qədər sürətlidir. Digər əsas kamera 12 MP f/2.5 diafraqma dəyərindədir. Bu kameranın foto keyfiyyətini işıqlı, az işıq olan və gecə rejimində test elədim.
Arxada olan 3-lü kamera sistemi 3 olmasına baxmayaraq 4 kameranın işini görür. Çünki ultragenişbucaqlı kamera həm də makro çəkimlərə yarayır.
Əlavə olaraq hərəkətli kadrları tutmaq üçün özəl bir rejim var. Bunun sayəsində ən hərəkətli anlarda belə çox dəqiq fotolar çəkmək olur. Bu xüsusiyyət Honor-da həqiqətən fərq yaradıb.
Əsas və telefoto kamerada OIS (optik stabilizasiya) dəstəyi var. Təəssüf ki, ultragenişbucaqlı kamerada OIS deyil, EIS (elektron stabilizasiya) istifadə edilir. Video tərəfində 4K 60FPS yenə də əsas və telefoto kamerası üçün verilib. Ultragenişbucaqlı kamerada 4K 30 FPS-dir. Könül istərdi ki, burada da 4K 60 FPS-i görək. DXOMARK-a görə bu cihaz kamera məsələsində top 3-də olan smartfondur. Mənə görə foto keyfiyyəti möhtəşəmdir. Həm portret həm də adi rejimdə rənglər inanılmaz canlıdır amma video tərəfdə tək ilişdiyim məqam ultragenişbucaqlı kamerada 4K 60FPS dəstəyinin olmaması oldu. Hər üçünün 50 MP olması isə ən bəyəndiyim özəllik oldu.
Batareya tərəfində 5000 mAh-ın üzərində bir batareya tutumu var. Adətən flaqman cihazlarda 5000 mAh-a qədər batareya görürük amma Honor Magic5 Pro düz 5100 mAh batareya həcminə sahibdir. Hətta Çində bu smartfon yeni karbon silikon batareya texologiyası ilə 5450 mAh batareya həcmi ilə satışa çıxır. İnanılmazdır, 8.8 mm gövdədə bu həcmdə batareya. 66 vatt naqilli, 50 vatt naqilsiz enerji yığma ilə flaqman rəqiblərinə qan uddurur. Testlər zamanı smartfon 15 dəqiqəyə 45%, 30 dəqiqəyə 75% enerji yığdı. Bu göstərici ilə Xiaomi-dən geridə qalsa da, Apple və Samsung-un flaqmanlarını qabaqlayır. Mənim diqqətimi əsas karbon silikon batareya texnologiyası çəkdi. Az ölçü ilə daha çox mAh verə bilirlər. Ümid edirəm bu texnologiya daha yayğın olar və bizim bazara da gələr.
Yekun olaraq 512 GB daxili yaddaşlı versiya nağd alışda, 2250 manatdır. Bəli, sizə Honor-a görə baha gələ bilər amma nəzərə alın ki, bu cihaz flaqmandır. Çox mənfi fikir deyə bilmədim. Tək mənfi gördüyüm ön kamerada və arxanın ultragenişbucaqlı kamerasında 4K 60 FPS -in olmaması oldu. Çox innovativ yenilikləri özündə birləşdirir. Ekran tərəfində gözə az zərər vurması, batareyada yeni texnologiya, kamerada hərəkətli anları yaxalama və ikonik gövdə dizaynı. Təbii ki, seçim sizindir amma deyə bilərəm ki, Android cəbhəsinin ən yaxşı smartfonlarından biridir.
Paylaş
Bənzər xəbərlər