main-post-cover

    Face ID texnologiyasını maska vasitəsilə aldatdılar (VİDEO)

    Elm & Texnologiya
    11.11.2017
    Emil Nəcəfov
    iPhone X-in təqdimatı zamanı “Apple” şirkətinin mühəndisi Philip Schiller bildirmişdi ki, Face ID texnologiyasını aldatmaq qeyri-mümkündür.
    Onun sözlərinə görə texnologiyanın, əsl insan üzünü maskadan ayıra bilməsi üçün şirkət Hollywood-da çalışan qrim mütəxəssisləri ilə əməkdaşlıq etmişdir. Bununla belə, vyetnamlı mütəxəssislər bu texnologiyanı aldatmağa nail olublar. Belə ki, “Bkav” adlı şirkət insan üzünü təkrarlayan xüsusi maska yaradıb. Həmin maskanın istehsalı zamanı 3D printerdə çap olunmuş, qrimlənmiş karkasdan və göz ilə dodaqların 2D fotolarından istifadə olunub.

    Beləliklə sözügedən maska vasitəsilə Face ID texnologiyasını aldadaraq iPhone X-i blockdan çıxarmaq mümkün olub. Bundan əlavə olaraq improvizə edilmiş manekenin yanaqları xüsusi şəkildə işlənmişdir. “Bkav” şirkəti bu təcrübənin videosunu təqdim edib. Həmin videoda Face ID texnologiyasının necə maskadan məlumatları qəbul edərək iPhone X-i blockdan çıxartdığı əks olunub. Daha sonra şirkət əməkdaşlarından biri smartfonu öz üzünə yaxınlaşdıraraq yenidən onu blockdan çıxarıb.
    Bununla da o sübut edib ki, şirkətin üz tanıma sistemi hələ də ideal deyil. Lakin qeyd etmək lazımdır ki, realda bu cür maskalardan qorxmaq lazım deyil. Belə ki, onların yaradılması çox qəlizdir və çoxlu pul tələb edir. Bundan əlavə olaraq unutmaq lazım deyil ki, Face ID texnologiyası süni zəka əsasında çalışır. Yəni o, insan üzünü daima incələyir. Bu isə o deməkdir ki, sistem mütəmadi olaraq özünü təkmilləşdirir və müəyyən vaxtdan sonra onu bu cür maskalar vasitəsilə aldatmaq qeyri mümkün olacaq.

    Linki kopyala