main-post-cover

    Falcon 9-un təkmilləşdirilmiş versiyası Falcon 9 Block 5-in ilk uçuşu reallaşdırıldı (VİDEO)

    Elm & Texnologiya
    12.05.2018
    Emil Nəcəfov
        SpaceX şirkəti ilk dəfə Falcon 9 raketinin təkmilləşdirilmiş versiyası olan Block 5-i işə salıb. Təkmilləşdirilmiş versiyanın adi Falcon 9-dan əsas üstünlüyü ondadır ki, Block 5 daha güclü mühərriklərə və uçuş xərclərinin azaldılması üçün dəfələrlə istifadəyə daha yaxşı adaptasiya özəlliyinə sahibdir. Şirkətin verdiyi məlumata əsasən təkmilləşdirilmiş raketin ilk səviyyəsi uçuşlararası minimal texniki xidmətlə 10 təkrar uçuş etməyə qadirdir.

        Qeyd etmək lazımdır ki, Falcon 9 Block 5-in ilk uçuşu nəticəsində raketin birinci səviyyəsi uğurla Atlantik okeanında yerləşmiş platformaya eniş edib. Block 5 təkmilləşdirməsi NASA-nın BKS-ə (Beynəlxalq Kosmik Stansiya) astronavtların uçuşları üçün özəl kosmik gəmilərinin istifadəsi baxımından bütün standartlara sahibdir. İdarəolunan uçuşlar üçün sertifikatın alınmasına gəldikdə isə SpaceX sözügedən raket ilə hələ 7 uğurlu uçuş reallaşdırmalıdır.

        Falcon 9 Block 5-in ilk uçuşu zamanı raket Yer kürəsinin orbitinə Banqladeşin peykini çıxardıb. Bu peyk həmin regionu internet şəbəkəsi və TV siqnalı ilə təmin edəcək. Block 5 yenilənməsindən sonra şirkət mühəndisləri ağır BFR (Big Falcon Rocket) raketinin hazırlanmasına start verəcəklər. Həmin raket vasitəsilə Yer kürəsinin orbitinə 150 ton yük qaldırmaq mümkün olacaq. BFR raketini Ay və Mars uçuşları üçün istifadə etmək planlaşdırılır.
    Linki kopyala