main-post-cover

    FedEx şirkəti sanksiyalara və Huawei'yə görə ABŞ ticarət nazirliyini məhkəməyə verib

    Elm & Texnologiya
    26.06.2019
    Emil Nəcəfov
        ABŞ-ın poçt və kuryer xidmətlərini təqdim edən FedEx şirkəti ABŞ-ın ticarət nazirliyini məhkəməyə verib. Belə ki, FedEx hökumət tərəfindən qəbul olunmuş eksport yoxlanışı qanunundan şikayətçidir. Bu qanuna əsasən kuryer sahəsində fəaliyyət göstərən bütün şirkətlər eksport qanunlarının pozulub-pozulmaması üzrə bütün bağlamaların içlərini yoxlamalıdır. Bu barədə CNN saytına istinadən Gagadget saytı xəbər verib.
        FedEx fikirləşir ki, bu cür qanun ölkə konstitusiyasını, əsasən də özəl həyat hüququnu pozur. Bununla yanaşı FedEx fiziki cəhətdən hər bir bağlamanı yoxlamaq gücündə deyil. Belə ki, gün ərzində bu cür bağlamaların sayı 15 milyondur. “FedEx hüquq-mühafizə orqanı deyil, transport şirkətidir” - deyə şirkət bildirib.

        Bir neçə gün bundan öncə isə FedEx Huawei ilə bağlı böyük beynəlxalq qalmaqala düşdü. Belə ki, PCMag.com saytının britaniyalı jurnalisti öz amerikalı həmkarlarına Huawei P30 Pro smartfon modelini göndərmək istəyib və bu mövzuda FedEx-in xidmətlərindən istifadə edib. Lakin bir neçə gündən sonra həmin bağlama Londona geri qayıdıb və bağlamanın üzərində belə bir yazı olub:
        “Bağlama ABŞ hökumətinin Çin hökuməti və Huawei şirkəti ilə olan gərgin əlaqələri səbəbilə geri qaytarılıb”. FedEx təmsilçiləri artıq bu mövzuda üzr istəyiblər və bunu əməliyyat səhvi adlandırıblar. ABŞ-ın ticarət nazirliyi hələki FedEx-in məhkəmə iddiasına baxmayıb. Lakin o yenə də beynəlxalq təhlükəsizlik rolunu qorumağa hazırdır.
    Linki kopyala