main-post-cover

    Floridadakı məhkəmə prosesi çərçivəsində bitcoini yaratmış şəxsin əsl adı ortaya çıxa bilər

    Elm & Texnologiya
    14.11.2021
    Emil Nəcəfov
        ABŞ-ın Florida ştatında ilk baxışdan çox sadə məhkəmə prosesi keçir. Vəfat etmiş şəxsin ailəsi həmin şəxsin keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Səbəb isə iki şəxsin sahib olmuş olduğu maliyyə aktivləri üzərində idarənin təmin olunmasıdır. Lakin qaldırılmış bu məhkəmə iddiasında söhbət, 1 milyon bitcoindən gedir. Hal hazırda bu qədər bitcoinin ümumi dəyəri 64 milyard dollara yaxındır. Bir çox məlumata əsasən isə 1 milyon bitcoinə Satoshi Nakamoto sahibdir. Söhbət, bu ad altında məşhur rəqəmsal valyutanı yaratmış şəxsdən gedir. Məhkəmə iddiasını qaldırmış ailənin sözlərinə əsasən isə Satoshi Nakamoto adı altında məhz vəfat etmiş şəxs və onun iş ortağı çalışıb. Bitcoin artıq trilyon dollar dəyərə və çoxlu sayda investora sahib böyük bazara çevrilib. Bu layihə demək olar bütün dövlətlərə meydan oxuyurdu və bəzi hökumətlər onu nizamlamağa çalışırdı. Bəzi ölkələrdə bitcoin hətta qanuni şəkildə təsdiqini də tapmışdı.
        Güman olunur ki, bitcoin ümumilikdə dünyanın maliyyə sistemini dəyişə bilər. Lakin bu məşhur rəqəmsal valyutanın əslində kim və ya kimlər tərəfindən yaradıldığı hələ də sirr olaraq qalır. Vəfat etmiş David Kleiman adlı şəxsin ailəsi onun keçmiş iş ortağına qarşı məhkəmə iddiası qaldırıb. Söhbət, 51 yaşlı avstraliyalı proqramçı Craig Wright-dan (hal hazırda Londonda yaşayır) gedir. 2016-cı ildən Wright bəyan edir ki, bitcoinin yaradıcısı məhz özüdür. Lakin sözügedən kriptovalyuta cəmiyyətinin üzvlərinin çoxu bununla razı deyil. David Kleiman-ın ailəsi isə iddia edir ki, vəfat etmiş David vaxtı ikən Craig Wright ilə birlikdə çalışıb və onlar birlikdə bitcoin mayninqi ilə məşğul olublar. Buna görə də David-in ailəsi yarım milyon bitcoinin hüquqi sahibidir.

    Satoshi Nakamoto-nun əsl kimliyini təyin etməyin bir yolu var. Söhbət, Satoshi Nakamoto-nun sahib olduğu 1 milyon ədəd bitcoinin yerləşdiyi hesabın gizli açarından gedir.

        Özünü Satoshi Nakamoto adlandıran istənilən şəxs həmin hesabdan ən kiçik miqdarda bitcoin çıxartmaqla belə bunun həqiqət olduğunu sübut edə biləcək. Özünü Satoshi Nakamoto adlandıran kimliyi bilinməyən şəxs 31 oktyabr 2008-ci il tarixində kriptoqraflara 9 səhifəlik hesabat göndərmişdi. Həmin hesabatda rəqəmsal valyutanın mahiyyəti barəsində məlumat verilmişdi. Həmin hesabatın göndərilməsindən bir neçə ay sonra isə bitcoin şəbəkəsi işə düşmüşdü. İlk il ərzində Nakamoto 1 milyon bitcoin yığa bilmişdi. Məhkəmə iddiasını qaldırmış ailənin sözlərinə əsasən həmin hesabatın yazılması məsələsində Craig Wright David Kleiman-dan kömək istəmişdi və nəticədə onlar birgə bitcoin layihəsini işə salmışdılar.

    Bitcoin şəbəkəsinin işə salınmasının ilk günlərində Nakamoto-nun kimliyi heç kimə maraqlı deyildi. Çünki ilk vaxtlarda bitcoin elə də yüksək dəyərə sahib deyildi.

        Məlumata əsasən Nakamoto bitcoin şəbəkəsi üzərində 2 il aktiv iş görüb. O hətta müxtəlif tərtibatçılar ilə elektron poçt vasitəsilə ünsiyyət də qururdu və öz saytında bitcoin barəsində məlumatlar paylaşırdı. Lakin 2010-cu ilin dekabr ayından başlayaraq Nakamoto-nun saytında aktivlik dayandı. Faktiki olaraq Nakamoto bir anda yoxa çıxmışdı. 2011-ci ildə David Kleiman Floridada W&K Info Defense Research adlı şirkəti təsis etmişdi. David Kleiman-ın ailəsinin sözlərinə əsasən bu, Craig Wright ilə birgə yaradılmış şirkət idi və daha sonra Wright özünü şirkətin əsl sahibi kimi qələmə verməyə çalışırdı. David Kleiman 26 aprel 2013-cü il tarixində vəfat edib. 2014-cü ildə isə Newsweek adlı jurnal bildirmişdi ki, bitcoinin yaradıcısının əsl adı Dorian Nakamoto-dur.
        Lakin saytlardan birində bitcoinin əsl yaradıcısı öz istifadəçi hesabında bildirmişdi ki, onun adı Dorian Nakamoto deyil. Bu, bitcoin yaradıcısının son mesajı idi. 2016-cı ilin may ayında Craig Wright bəyan etmişdi ki, bitcoinin yaradıcısı məhz özüdür. Bu məsələ ilə bağlı o, bir neçə müsahibə vermiş və öz saytında kriptoqrafiya ilə bitcoin barəsində bəzi məqalələr dərc etmişdi. 3 gündən sonra isə Wright dediklərini təkzib etmiş və bitcoin yaradıcısı olmadığını bildirmişdi. Lakin sonradan o yenidən özünü bitcoinin yaradıcısı kimi qələmə verməyə başladı. Hal hazırda David Kleiman ilə Craig Wright-ın bitcoin şəbəkəsinin yaradılmasında iştirak edib-etmədikləri sualı mübahisəli olaraq qalır.
    Linki kopyala