main-post-cover

    Fuchsia OS 5 ildən sonra Android və Chrome OS'i əvəz edəcək

    Elm & Texnologiya
    23.07.2018
    Emil Nəcəfov
        Bir neçə il bundan öncə Google şirkətinin gizli məhsulu barəsində məlumatlar ortaya çıxmışdı. Söhbət, Fuchsia adlı yeni əməliyyat sistemindən gedir. Güman olunur ki, Android-i əvəz edəcək bu yeni əməliyyat sistemi smartfon, noutbook və hətta ağıllı səsgücləndiricilərdə də çalışa biləcək. İndi isə məlum olub ki, Google şirkətinin Fuchsia əməliyyat sisteminə böyük planları var. Təqribi olaraq 5 ildən sonra bu yeni əməliyyat sistemi Android, Wear OSChrome OS əməliyyat sistemlərini əvəz edəcək.
        Linux nüvəsi əsasında çalışan Android-dən fərqli olaraq Fuchsia şirkətin öz yaratdığı Zircon nüvəsi əsasında çalışır. Avropa komissiyası tərəfindən cərimələmə, Oracle şirkəti ilə məhkəmə prosesi və Android əməliyyat sisteminin istehsalçılar üçün lisenziya əsaslı ediləcəyi bəyanatları fonunda şirkətin Linux və Java-dan öz istehsalı olan məhsullara keçidi heç də təəccüblü deyil. Bloomberg-in məlumatına əsasən Fuchsia OS 3 ildən sonra istifadəyə veriləcək.
        İlk öncə yeni əməliyyat sistemini ağıllı səsgücləndiricilər kimi ev əşyaları əldə edəcəklər. Daha sonra əməliyyat sistemi noutbook və smartfonlarda işə salınacaq və 2 ildən sonra Fuchsia Google şirkətinin hal hazırki bütün əməliyyat sistemlərini əvəz edəcək. Məlumata əsasən yeni əməliyyat sistemi rahat şəkildə istənilən ekran ölçüsünə sahib smartfonda adaptasiya olunacaq və mütəmadi olaraq yenilənəcək. Müsbət özəlliklər arasında həmçinin səsli idarəetmə və yüksək səviyyədə konfidensiallıq da var. Bununla yanaşı Fuchsia OS Android-də olan bütün tətbiqləri dəstəkləyəcək. Buna görə də tərtibatçılar və istifadəçilər rahatlıqla yeni əməliyyat sisteminı keçid edə biləcəklər. Təbii ki, bütün bunlar hələki təsdiqlənməmiş məliumatlardır. 
    Linki kopyala